Avropa Məhkəməsi Mixeil Saakaşvilinin şikayətini qəbul etməyib
Avropa İnsan Haqları Məhkəməsi, eks prezident Mixeil Saakaşvilinin şikayətini onun penitensiar sistemdə müalicəsi və rəftarına dair baxılan işlər siyahısından çıxarıb.
Bu barədə ədliyyə nazirinin müavini Beka Dzamaşvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu qərar, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsində hüquqlarının tam şəkildə qorunduğunu təsdiqləyir:
“Xüsusilə, Strasburq məhkəməsinin fikrincə, bu işdə insan hüquqlarının müdafiəsi baxımından məsələnin əlavə öyrənilməsini tələb edən xüsusi hallar yoxdur. Ona görə də, bu qərar bir daha təsdiq edir ki, Gürcüstanın penitensiar sistemində Mixeil Saakaşviliyə qarşı rəftar və müalicə Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara tam uyğundur və onun hüquq və maraqları tam şəkildə qorunur”, – deyə Beka Dzamaşvili bildirib.
Qeyd edək ki, M.Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi şikayətdə penitensiar müəssisədə onunla pis rəftar edildiyini və düzgün müalicə olunmadığını iddia edirdi.