Kaxa Kaladze: “Bütün qanunsuz hərəkətlərə sərt reaksiya veriləcək”

Tbilisi meri Kaxa Kaladze müxalifət nümayəndələrinin bəyanatlarına cavab olaraq ölkədə sabitliyin pozulmasına yönəlmiş çağırışların yolverilməz olduğunu bildirib.

Kaladze qeyd edib ki, müxalifətin “hökumət yerli seçkilərdə çoxlu sürprizlərlə üzləşəcək” kimi açıqlamaları ictimaiyyətdə çaşqınlıq yaratmaq və cəmiyyəti sabitlikdən uzaqlaşdırmaq məqsədi daşıyır:

“Dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, habelə müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkədə nihilizmin yayılmasına və insanlarda şübhələrin yaranmasına xidmət edir. Bütün qanunsuz hərəkətlərə müvafiq dövlət qurumları tərəfindən sərt reaksiya veriləcək”, – deyə paytaxt meri vurğulayıb.

O həmçinin əlavə edib ki, hökumət qarşıdan gələn seçkilərdə öz qələbəsinə əmindir:

“Oktyabrın 4-də keçiriləcək seçkilər olduqca əhəmiyyətlidir. Mən inanıram ki, gürcü xalqının dəstəyi ilə biz bütün bələdiyyələrdə qalib gələcəyik”, – Kaladze bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey