Gürcüstan XİN rəhbəri: Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihəyə imza atmışıq
Macarıstan, Rumıniya və Azərbaycanla birgə həyata keçirilən yaşıl enerji layihəsi Gürcüstanın Avropa ilə əlaqələrinin güclənməsində mühüm rol oynayacaq.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda təşkil olunan Delfi İqtisadi Forumunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Qara dəniz bölgəsi Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə töhfə verir və bu əməkdaşlıq Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır.
Nazir həmçinin qeyd edib ki, Gürcüstan öz milli maraqlarını qorumaqla yanaşı, region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini vacib hesab edir.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri Qara dənizin altından keçəcək və 1,2 min kilometr uzunluğunda olacaq kabel xətti vasitəsilə 1 QVt gücündə elektrik enerjisinin ötürülməsini nəzərdə tutan müqavilə imzalayıblar. Layihə çərçivəsində Azərbaycanda istehsal edilən enerji Gürcüstan və Qara dəniz üzərindən Rumıniyaya, oradan isə Macarıstana və digər Avropa ölkələrinə ötürüləcək. Sonradan Bolqarıstan da bu təşəbbüsə qoşulmaq niyyətini bəyan edib.
Bundan əlavə, Avropa İttifaqı bu strateji layihəyə Şərq Tərəfdaşlığı İnvestisiya Planı çərçivəsində 2,3 milyard avro maliyyə vəsaiti ayırmağı planlaşdırır.