Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Bakıda Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi “Report” agentliyinə təqdim edib.
Tədbirdə Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Portuqaliya tərəfinə isə həmin ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Helena Malkata rəhbərlik edib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub, qarşılıqlı səfərlərin və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Tərəflər iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi, enerji, nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri ətrafında geniş müzakirələr aparılıb.
Nazir müavini Fariz Rzayev Azərbaycanın qlobal iqlim gündəminə verdiyi töhfələr, ölkəmizin COP29-a — BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyi və bu çərçivədə irəli sürülən təşəbbüslər barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün bərqərar olunması üçün Azərbaycanın atdığı addımlar və bu prosesə mane olan amillər, eləcə də azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə geniş məlumat təqdim olunub.
Sonda regional və beynəlxalq məsələlər üzrə tərəflərin maraq dairəsinə daxil olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.