Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2043
DünənDünən3048
Bu həftəBu həftə8144
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464743

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycan dövlət büdcəsində kəsir - 92 milyon

2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2 faizi) təşkil edib.

Halbuki ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi.

Bu barədə Azərbaycan hökumətindən bildiriblər.

Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur.

Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir.

Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolamalar 12,07 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2 faiz azdır. Dövlət büdcəsinin xərcləri 4,2 faiz azalmaqla 12,16 milyard manat təşkil edib.

Daxilolmalar strukturunda 42,2 faiz (5,09 milyard manat) Vergilər Nazirliyinin xətti üzrə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,12 milyard manat (9,3 faiz) köçürüb. Qeyd edilən dövrdə vergi daxilolmaları 4,7 faiz, gömrük ödənişləri isə illik hesablamada 0,9 faiz azalıb.

Dövlət büdcəsinin məxaric strukturunda 39,4 faiz və ya 4,79 milyard manat iqtisadi fəaliyyətlə bağlı xərclərin payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,5 faiz və ya 687,1 milyon manat azdır. Bu məbləğin 4,01 milyard manatı (12 faiz azalma ilə) sənaye, tikinti və faydalı qazıntılar sahələrinə, 317,2 milyon manatı isə (14,5 faiz azalma ilə) kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə ayrılıb.

2015-ci ilin yanvar-sentyabr aylarında sosial təminat və müdafiə ilə bağlı xərclərin payı 2 faiz azalma ilə 11,8 faiz (1,43 milyard manat), səhiyyə ilə bağlı xərclər isə 0,9 faiz artımla 3,7 faiz (454 milyon manat) olub.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib. Büdcə proqnozları 1 barel neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.

Bidzina İvanişvili: "Azərbaycan tərəfinin narahat olmasına heç bir səbəb yoxdur"

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Rusiyadan qaz alınmasına münasibət bildirib.

"Dalğa TV"nin məlumatına görə, B. İvanişvili bu addımın atılmasında heç bir təhlükə görmədiyini qeyd edib. Onun sözlərinə görə, bu gün Rusiya qazı ilə Avropa təmin olunur. O, Gürcüstanın da Rusiyadan qaz almasında heç bir kriminal olmadığını bildirib: "Qazpromla aparılan indiki danışıqlarda xüsusi bir şey yoxdur, çünki çoxdandır ki, Gürcüstandan Rusiya qazı tranzit yolu ilə Ermənistana boru kəməri vasitəsilə ötürülür. Bu tranzitdən isə Gürcüstan üçün tranzit haqqı əvəzinə müəyyən miqdarda qaz verilir".

Bidzina İvanişvili sahibkarlara hansı ölkədən istəyirlərsə qaz alınmasında seçim imkanı verdiklərini bildirib. "Bu addımda mən mənfi bir şey görmürəm", deyə İvanişvili qeyd edib.

Azərbaycan qazının Rusiya qazından ucuz olmasına münasibət bildirən İvanişvili vurğulayıb ki, biznes həmişə öz xeyrini bilir və bu nöqteyi-nəzərdən hərəkət edəcək: “Əgər, idxal, ixrac prosesində gəlir yoxdursa və alınan qaz baha başa gəlirsə, belə olan təqdirdə sahibkar qazı almayacaq";.

Bidzina İvanişvili Azərbaycan tərəfinə, SOCAR şirkətinə minnətdarlığını bildirib: "Bizə elə etmək lazımdır ki, bazarda bir şirkət monopolist olmasın və müxtəlif şirkətlər olsun, bunda heç bir qəbahət yoxdur", deyə B. İvanişvili qeyd edib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfinin narahat olmasına heç bir səbəb yoxdur. "Mənim Azərbaycanla əsaslı əlaqələrim var və həm Gürcüstandakı, həm də Azərbaycandakı SOCAR rəhbərliyi ilə tanışam", deyə İvanişvili bildirib.

SOCAR: Gün ərzində Gürcüstana orta hesabla 4 mln., Türkiyəyə 18 mln. kubmetr qaz verilir

Bu ilin noyabrın 1-dək "Şahdəniz" layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 4,8 mlrd. kubmetr, Türkiyəyə isə 36 mlrd. kubmetr qaz verilib.


"Dalğa TV" in məlumatına görə, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfransında SOCAR I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadə qeyd edib ki, hazırda orta hesabla gün ərzində Gürcüstana 4 mln. kubmetr, Türkiyəyə isə 18 mln. kubmetr qaz verilir.

Daha bir vəzifəli şəxs həbs olundu - Korrupsiya, dələduzluq....

"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub.

"Dalğa TV" xəbər verir ki, əməliyyat dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirlib.

Binəqədi rayon Məhkəməsinə aparılan baş mühasib haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. Oqtay Rüstəmov Cinayət Məcəlləsinin 3 maddəsi (vəzifədən sui-istifadə etmə, dələduzluq və korrupsiya) ilə təqsirli bilinib.

Qeyd edək ki, O. Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb.

"Aztelekom" MMC-dan verilən məlumata görə, Oqtay Rüstəmov işə çıxmır: "Oqtay Rüstəmov xəstə olduğu üçün işə gəlmir. Amma o, həbs olunmayıb".

Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq - FOTO

"Yeni pulların üzərində maliyyə nazirinin imzası olmayacaq".

2016-ci ildə Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.

 

"Dalğa TV" "Qruziya Onlayn"a istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.

Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq.

 

O, qeyd edib ki, istənilən ölkənin valyutası üzərində emissiyaya görə məsuliyət daşıyan institutun imzası olur:

"İmzaya gəldikdə isə, istənilən ölkənin valyutası üzərində emissiyaya görə məsuliyət daşıyan institutun imzası olur. Yalnız Maliyyə nazirliyinin hələ də emissiya üçün cavabdeh olduğu ölkələrdə xəzinənin imzası və ya bir sıra hallarda maliyyə nazirinin imzası olur. Bu nöqteyi nəzərdən yeni dizayn beynəlxalq standartlara tamamən müvafiqdir".

Baş bankir qeyd edib ki, yeni dizayn ən böyük dəqiqliklə fərqlənir və Gürcüstanın müasir mədəni-tarixi mirasını özündə əks etdirir.

 

Bundan başqa o bildirib ki, yeni əskinaslar qoruyucu mexanizmlərdən istifadə edilməklə hazırlanıb, buna görə də onlar köhnəlməyə və çirklənməyə daha az meyilli olacaq.

Onu da əlavə edək ki, yeni əskinasların dizayneri Baçana Malazoniyadır.

 

Qeyd edək ki, bu il Gürcüstan milli valyutasının dövriyyəyə buraxılmasının 20 illiyi tamam olur.

 

“Paralel” təhlükədir, yoxsa vasitə?-"SOCAR-Türkiyə" niyə "vurulur?"

2011-ci ildən Türkiyə hakimiyyəti ilə onun əsas tərəfdaşlarından biri olan “camaat” arasında başlamış qarşıdurma hazırda AKP ilə “paralel yapı”nın nüfuz və səlahiyyət uğrunda mübarizəsi kimi tarixə düşməkdədir. 2013-cü il 17-25 dekabr hadisələri fətullahçıların həmin dövrdə baş nazir olan Rəcəb Tayyip Ərdoğana, onun ailə üzvlərinə və bütövlükdə hakimiyyətə qarşı böyük əks-səda doğuran həmləsi kimi qəbul olundu. Açıq müstəviyə keçmiş bu savaşdan baş nazir və onun tərəfdarları qalib çıxsa da, o da faktdır ki, AKP-nin və şəxsən Ərdoğanın nüfuzu kifayət qədər sarsıldı və hakim partiyanın cəmiyyətdəki dayaqları zəiflədi.

Qardaş Türkiyədə baş verən proseslər Azərbaycan ictimaiyyəti tərəfindən də çox maraqla izlənilir. Bu marağı şərtləndirən əsas səbəblərdən biri də odur ki, nurçular artıq Azərbaycanda da əsaslı şəkildə təşkilatlanmağa, öz biznes imperiyasını yaratmağa və hətta hakimiyyətin müxtəlif qollarında ciddi mövqelər əldə etməyə nail olmuşdular. Türk mediasının yazdığına görə, Ərdoğan ölkə daxilində fətullahçıları “baltalamaqla” yanaşı, həm də onların xarici uzantılarını, o cümlədən Azərbaycandakı qrupu da zərərsizləşdirməyə çalışır, bu məqsədlə tədbir görülməsi üçün rəsmi Bakıya müxtəlif siyahılar göndərir. İddia olunur ki, hətta indi də rəsmi Bakı nurçularla bağlı həm Türkiyədən, həm də birbaşa Ankaradan müxtəlif mesajlar almaqda davam edir. Son günlərsə gələn mesajlar SOCAR və onun Türkiyədəki fəaliyyəti ilə bağlıdır. Hadisələrin gedişi və axır vaxtlar Türkiyədə hakimiyyətə yaxın bəzi media orqanlarında dərc olunmuş yazıların təhlili göstərir ki, kifayət qədər zərbələr alaraq mövqelərini əsaslı şəkildə itirmiş “paralel yapı” qardaş ölkədə artıq iqtidar üçün real təhlükə kəsb etmir. Əvəzində isə bu ad üzərindən həm siyasi, həm də iqtisadi sferada çox ciddi oyunlar oynanılır. Hazırda “SOCAR Türkiyə”yə qarşı ardı-arası kəsilməyən hücumların arxasında da məhz bu amil dayanır. Ankaradan sərgilənən bu qeyri-adekvat münasibət, təbii olaraq, Azərbaycanda əsaslı narahatlıq doğurur və ikitərəfli münasibətlərdə anlaşılmaz məqamların yaranmasına səbəb olur.

Məlumdur ki, 1990-cı illərdə dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan enerji ehtiyatlarını ixrac etmək üçün Türkiyə marşrutunu digər alternativlərdən daha üstün tutaraq mühüm siyasi və strateji seçim etdi - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri inşa olundu. Azərbaycan enerji layihələrindən əldə olunan böyük gəlirlərdən ölkə xaricində investisiya qoymaq planlarını da ilk növbədə Türkiyədə reallaşdırmağa başladı. Bununla həm də Türkiyənin artan iqtisadiyyatının enerji resurslarına olan ehtiyacı ödənildi və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verildi. “Petkim” şirkətinin özəlləşdirilməsi, Əliağada limanın inşası, STAR neft emalı zavodunun tikintisi və s. layihələrin həyata keçirilməsi nəticəsində Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırıldı. Layihələrin səmərəli şəkildə gerçəkləşdirilməsi üçün SOCAR həm öz imkanlarından istifadə etdi, həm də dünyanın ən nüfuzlu maliyyə qurumlarını, “Goldman Sachs” kimi investisiya nəhəngini bu işə cəlb edə bildi. Bununla yanaşı, SOCAR Türkiyədə ciddi sosial layihələr reallaşdırmağa başladı, Ankara, Əliağa, Kars, İzmit, Ceyhan və digər yerlərdə on milyonlarla dollar dəyəri olan ən müasir məktəblər, digər sosial obyektlər tikərək dövlətə təhvil verdi.

Böyük Azərbaycan qazının ixracı məsələsi gündəmə gələndə də Azərbaycan növbəti dəfə strateji seçiminə sadiq qaldı. Uzun müddət ərzində müzakirə olunan NABUCCO layihəsi arxivə göndərilsə də, yeni marşrutların müəyyənləşməsində Türkiyə yenə də əsas istiqamət kimi irəli sürüldü. TANAP Azərbaycanla Türkiyənin birgə layihəsi kimi təsdiq olundu və qısa zamanda tikinti işlərinə başlanıldı. Ekspertlərin yekdil rəyinə əsasən, TANAP Türkiyənin regionda əhəmiyyətini yetərincə yüksəldərək qardaş ölkəni enerji mənbələri ilə Avropa arasında körpüyə çevirəcək.

 

Hazırda rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, reallaşdırılan enerji siyasəti konkret olaraq fərdlərin, hakimiyyətlərin və biznes qruplarının maraqlarına deyil, bütövlükdə iki qardaş xalqın, Azərbaycan və Türkiyə dövlətinin milli maraqlarına xidmət etməli, regionda və daha geniş coğrafiyada təhlükəsizliyi, inkişafı və rifahı şərtləndirən əsas faktorlardan biri kimi çıxış etməlidir.

Göründüyü kimi, Azərbaycanın strateji seçiminə uyğun olaraq həyata keçirilən transmilli layihələr iki qardaş ölkənin dövlət və milli maraqlarına xidmət etməklə onların regionda və dünyada yerini daha da möhkəmlətdi. Hazırda rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, reallaşdırılan enerji siyasəti konkret olaraq fərdlərin, hakimiyyətlərin və biznes qruplarının maraqlarına deyil, bütövlükdə iki qardaş xalqın, Azərbaycan və Türkiyə dövlətinin milli maraqlarına xidmət etməli, regionda və daha geniş coğrafiyada təhlükəsizliyi, inkişafı və rifahı şərtləndirən əsas faktorlardan biri kimi çıxış etməlidir. Reallıq da ondan ibarətdir ki, həyata keçirilən transmilli enerji layihələri Yaxın Şərq və Orta Asiyadan başlayaraq Qərbi Avropaya kimi geniş arealı əhatə etməklə Azərbaycanın və Türkiyənin regional mərkəz statusunu möhkəmlətmiş, yeni nəqliyyat-tranzit layihələrinin həyata keçirilməsinə şərait yaratmış və ümumilikdə hər iki ölkənin Avropa və dünya üçün strateji əhəmiyyətini əsaslı şəkildə artırmışdır. Buna görə də hazırkı dövrdə Türkiyədəki hakimiyyət və biznes maraqlarına əsaslanan bəzi iddialar və anlaşılmaz addımlar uzun illərdir məqsədyönlü şəkildə reallaşdırılan strateji xətti, ümumi mənafeləri təhdid edə, qarşılıqlı etimadın zəifləməsinə və son nəticədə ciddi fikir ayrılığının yaranmasına səbəb ola bilər.

Azərbaycan 1993-cü ildən başlayaraq öz strateji seçimi olan, milli maraqlarını müdafiə etməyi bacaran, müstəqil siyasət yürüdən ciddi dövlətdir. Ölkə iqtidarı xarici siyasətində, dövlətlərarası siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı etimadı və ümumi maraqların təmin olunmasını başlıca şərt hesab edir. Türkiyədə məlum hadisələr baş verəndə də Azərbaycan dövləti qardaş ölkədə sabitliyin qorunub-saxlanılması üçün əlindən gələni etdi, türk xalqı tərəfindən seçilmiş legitim hakimiyyətə dəstək verməyi özünə mənəvi borc bildi. Ancaq problem həll olunduqdan sonra Türkiyə hakimiyyətinə yaxın dairələr tərəfindən atılan bəzi addımlar, xüsusilə “SOCAR Türkiyə” şirkəti ilə bağlı qurulmuş bəzi oyunlar narahatlıq doğurur.

Türkiyə iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmiş və öz nəhəng layihələri ilə yaxın 3-5 ildə bu ölkənin ən böyük üç sənaye şirkəti sırasına daxil olmağı hədəfləmiş “SOCAR Türkiyə”yə qarşı ara-sıra mətbuata çıxarılan bəzi iddialar rəsmi Bakını narahat etməyə bilməz. Bəs bu ittihamların əsas məqsədi nədir?

Mediada getmiş bəzi məlumatlara əsasən, Türkiyə hakimiyyətini təmsil edən bir çox yüksək vəzifəli şəxslər vaxtilə Bakıya səfərləri zamanı “Qafqaz” universiteti, türk liseyləri, TUSİAB və digər qurumların böyük əhəmiyyətini vurğulamaqla Azərbaycan iqtidarının nümayəndələrindən onların fəaliyyətinin genişlənməsinə şərait yaradılmasını xahiş edirdilər. Türkiyə rəsmilərinin təkidi ilə səfər proqramına “Gülən məktəbləri”nə ziyarət də daxil olunurdu. Türkiyədə məlum hadisələr başlayanda isə hələ bu ölkənin özündə fətullahçılar ciddi mövqelərini, siyasi və biznes imkanlarını saxladıqları halda, Azərbaycandan təkidlə onlara qarşı tədbir görülməsi istənildi. Ancaq o da faktdır ki, bu xahişlərə uyğun olaraq Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılan nurçuların bəziləri Anakaranın tələbi ilə dərhal azad edilirdi. Çünki həmin şəxslərin sonradan Türkiyənin rəsmi dairələrinə yaxın olduğu üzə çıxırdı. Türkiyədə nurçuların bir neçə qanada bölündüyü, hətta bu ölkənin hakimiyyətinin hələ kimin kim olduğunu tam müəyyənləşdirə bilmədiyi bir vəziyyətdə Azərbaycandan hansısa qənaətbəxş addımlar gözləmək məntiqə uyğun deyildi.

Bu gün Ak Saray Twitter sosial şəbəkəsində Fuad Avni adı altında yayılan məlumatlardan çox narahatdır. Həmin məlumatlar şəxsən R.T.Ərdoğanı və onun ailəsini gözdən salmaq məqsədi daşıyır. Hakimiyyət isə geniş imkanlara malik olmasına baxmayaraq, il yarımdır bu isim altında kimin gizləndiyini müəyyənləşdirə bilmir. Hətta Baş nazir Əhməd Davudoğludan, Böyük Millət Məclisinin sabiq sədri Bülənt Arıncdan, MİT rəhbəri Hakan Fidandan belə şübhələr var. Yəni hakimiyyət vaxtilə fətullahçılarla sıx birlikdə olduğundan və sonuncular hakimiyyət və biznes dairələrinin ən yüksək qatına kimi gedib çıxdığından, Türkiyənin özündə də “camaat”dan kimin dost, kimin isə düşmən olduğunu müəyyənləşdirə bilmirlər. Belə bir vəziyyətdə “SOCAR Türkiyə”dən “bizim” və “düşmən” nurçular arasında xətt çəkməyi tələb etmək, şirkəti fətullahçılarla işbirliyində ittiham etmək ən azından gülüncdür.

Ümumiyyətlə, SOCAR-ın kadr siyasətində dini və milli mənsubiyyət anlayışı yoxdur. Şirkət xarici ölkələrdəki layihələrinə əcnəbi vətəndaşları cəlb edir və bu halda onların peşəkarlığı, işə münasibəti və verə biləcəyi fayda əsas götürülür. Məntiqlə, Türkiyədə xarici kapitalla yüzlərlə şirkət çalışır və hakimiyyət bu seleksiyanı iqtisadiyyatın bütün seqmentlərinə şamil etsə, bu son nəticədə xarici şirkətlərin fəaliyyətinin iflic vəziyyətinə düşməsinə, ölkədə investisiya mühitinin korlanmasına gətirib çıxara bilər. Deməli, “SOCAR Türkiyə”yə qarşı irəli sürülən ittihamların əsasında tam başqa məqsədlər dayanır.

Türkiyə iqtidarına yaxınlığı ilə seçilən mediada “SOCAR Türkiyə”yə qarşı yayılan materialların, habelə açıqlanan bəzi faktların təhlili onu deməyə əsas verir ki, yazılar birbaşa hakimiyyət dairələri tərəfindən sifariş olunur. Üstəlik iddialar müəyyən bir qrupun biznes maraqlarını güdür və bu halda iki qardaş dövlətin və xalqın ortaq mənafeləri tapdanır. Bəs həmin şəxslərin və qrupların maraqları nədir?!

İlk növbədə “SOCAR Türkiyə”nin rəhbərliyinə böhtan atmaq, onu gözdən salaraq işdən uzaqlaşdırılmasına nail olmaq. İkincisi, peşəkarlıq kriteriləri nəzərə alınmadan özlərinə yaxın adamları şirkətin rəhbərliyində yerləşdirmək, idarəetməni ələ keçirmək. Bunun nəticəsi olaraq, əlbəttə ki, sonrakı mərhələdə layihələrdə "lazımi şirkətlər" tenderlərin qalibi olacaq və SOCAR-ın hesabına şəxsi mənfəət, külli miqdarda var-dövlət əldə ediləcək.

Göründüyü kimi, Türkiyədə bəzi dairələr artıq “paralel” ittihamını öz rəqiblərini neytrallaşdırmaq və nüfuz dairələrinə salmaq istədikləri biznes subyektlərini gözdən salmaq üçün istifadə edirlər. Daha dəqiqi, müəyyən bir qrup hər hansı biznesi öz əlinə keçirmək üçün ilk öncə ona “fətullahçı terror örgütü” və ya onun “sponsoru” damğası vurur, ardınca təmizləmə əməliyyatı aparır və sonra da özününküləşdirir. Əgər “SOCAR Türkiyə”yə qarşı bu addımı Türkiyə-Azərbaycan qardaşlığını və birliyini istəməyənlər atsaydılar, məsələ aydın olardı. Ancaq SOCAR-ın Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə rəğmən, bu ölkənin iqtidaryönlü mediasının şirkətə qarşı qaralama kampaniyası aparması Azərbaycan və Türkiyənin birgə maraqlarına ciddi şəkildə zərər verəcək haldır.

Xatırlatmaq lazımdır ki, belə cəhdlər keçən dövrdə ayrı-ayrı vaxtlarda da müşahidə olunub. Məsələn, 2009-cu ildə “bayraq məsələsi”, elə həmin dövrə Ermənistan-Türkiyə sərhədlərinin açılması, Sürix protokolları Azərbaycan tərəfinin çox sərt reaksiyasına səbəb oldu və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdi. Söz yox ki, “SOCAR Türkiyə”nin terrorda ittiham olunan şəbəkəni maliyyələşdirməkdə günahlandırılması da kifayət qədər ciddi presedentlərə yol aça bilər.

Bəlli olan odur ki, Türkiyədə kimlərsə Azərbaycanda keçiriləcək seçkilər ərəfəsində təhlükəli oyuna başlayıb. Bu oyun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə təhlükə yaratmaq, onun altına dinamit qoymaq deməkdir. Həmin kampaniyanın müəllifləri türkün dostudurmu, yoxsa düşməni-bunu ayırd etmək bütün jurnalistlərin vəzifəsidir.

SOCAR kimya sənayesinin 70 illiyi ilə bağlı tədbir keçirib

Bu gün Sumqayıtda Azərbaycanda kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR rəhbərliyinin nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

R. Abdullayev və onu müşayiət edən şəxslər əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin baş ofisində olub, birliyin “Etilen-Polietilen” zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilmiş vakansiyalar üzrə İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanıblar. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat verib. R. Abdullayev imtahan verəcək gənclərlə görüşüb, onlara uğurlar arzulayıb.

Sonra iştirakçılar tədbirin keçiriləcəyi Sumqayıtın Tarix Muzeyinə gəliblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova Muzey barədə ətraflı məlumat verib. O bildirib ki, 1967-ci ildən fəaliyyət göstərən Sumqayıtın Tarix Muzeyində 14 000-dən artıq eksponat saxlanılır. Burada Heydər Əliyev guşəsi yaradılıb.

Muzeyin akt zalında keçirilən və kimya sənayesi veteranlarının, kimyaçı alimlərin, SOCAR və Sumqayıt şəhər rəhbərliyinin, millət vəkillərinin, şəhərin qurucuları olmuş görkəmli insanların, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin rəsmi hissəsini “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev açaraq qonaqları salamlayıb, onları kimya sənayesinin 70 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

R. Abdullayev iştirakçıları kimya sənayesinin tarixi, əldə edilmiş uğurlar, qarşıda duran perspektivlər barədə geniş çıxış edib. R. Abdullayev kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək Karbamid zavodunun, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibəti ilə kimyaçıların bir qrupunun ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən SOCAR prezidenti kimyaçıların adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan neftçiləri və onların avanqard qüvvəsi olan neft kimyaçıları vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi bundan sonra da fədakarlıqla çalışacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək kimyaçıları bayram münasibətilə təbrik edib, ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işlərdə onlara uğurlar arzulayıblar. Veteran kimyaçı Firuddin Mustafayev ötən dövr ərzində yüzlərlə kimyaçının əməyinin dövlətimiz tərəfindən fəxri adlar, müxtəlif orden və medallarla qiymətləndirildiyini qeyd edib.

Sonra uzun illər kimya sənayesində çalışmış, bu sahədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların müxtəlif mükafatlarla təltif olunma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, prezidentin fərdi təqaüdü və “Tərəqqi” medalı ilə təltif olunmuş kimyaçılara, SOCAR-ın prezidentin əmri ilə fəxri fərman və pul mükafatlarına layiq görülən 19 nəfər kimyaçıya, Z. Fərəcovun əmri ilə təltif olunan 10 nəfər kimyaçıya mükafatlar təqdim olunub. Bundan əlavə, 15 kimyaçı da “Azərikimya” İstehsalat Birliyi tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülüb.

Spirtli içkilərin nağd pulla satışına qadağa - Qanuna dəyişiklik

Bundan sonra mağazaya araq-pivə almağa gedənlər özləri ilə plastik kart aparmalı olacaqlar. Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək.

Məlumata görə, bu İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

1 şüşə arağa görə 100 manat cərimə

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" dedikdə 50 manatlıq məbləğ nəzərdə tutulur.
Başqa sözlə, ümumi məbləği 50 manata çatan alkoqollu içkilərin həm içmək həm də alıb satmaq məqsədilə satılması üçün 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə satışı nağd yolla mümkündür, amma yalnız çəkmək üçün. Amma əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur.

 

Kartsız satışa görə 2 illik həbs

Amma bu hələ yüngül cəzadır. Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

 

Restoranda da kartla ödəniş lazım olacaq

İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni bundan sonra pivə satışı da yalnız plastik kartla və bank ödənişləri ilə həyata keçiriləcək. Başqa sözlə, yay mövsümü üçün ənənəvi olan «pivə məclisləri» təşkil etmək üçün iştirakçılardan azı birinin plastik kartı və bu kartda lazımi məbləğ olmalıdır.

Amma məsələ bununla bitmir. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nəinki mağazadan, hətta restoranda araq almaq istəyənlər də onun pulunu kartla ödəməli olacaqlar. Belə ki, restoranda yöməklərin pulunun nağd ödənilməsinə icazə olsa da, araq və ya digər alkoqollu içkilər sifariş edərkən onun pulu yalnız kartla ödənilməlidir. Yəni restoranda «boğazlarını yaşlamaq» istəyənlər də bura kartla gəlməli olacaqlar.

 

Vergidən yayınmalar azalacaq

Qeyd edək ki, alkoqollu içkilərin və siqaretlərin satışı indiyədək indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələr sayılırdı. Özü də bu sahədə əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır. Belə ki, indiyədək mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə, qaimə faktura ala bilmirdilər. Bu isə nəinki həm topdansatış məntəqələrinin vergidən yayınmasına imkan verirdi. Həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradır və ya onların işində problemlərə səbəb olurdu. Qanunlara ediləcək son dəyişikliklər isə bu halların qarşısını almalıdır.

 

Araq satmaq üçün pos-terminal lazım olacaq

Alkoqollu içkilərin və siqeretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Belə ki, bunlaın satışı üçün plastik kart tələb olunduğuna görə, bu məhsulların satış nöqtələrinin hamısında pos-terminallar quraşdırılmalıdır. Əks halda bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə mümkün olmayacaq.

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Bu gün oktyabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"Dalğa TV"nin "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 29-u ilə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0493 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0049 manat və ya 0,43% artaraq 1,1516 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,61% azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

Azərbaycan quruda yerləşən neft yataqlarını kanadalılara verir

Azərbaycanın quru sahəsində yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi məqsədi ilə Kanadanın "Zenit Energy" şirkəti ilə müqavilə imzalanacaq.

 
"Dalğa TV" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.
R.Abdullayevin sözlərinə görə, artıq müqavilənin ilkin layihəsi hazırdır və sənədin imzalanması üçün Prezident Administrasiyasından müvafiq icazə alınıb.
"Müqavilənin detalları üzərində iş aparılır. Bu, çətin yataqdır, böyük problemləri var", - deyə SOCAR rəhbəri qeyd edib.

Rövnəq Abdullayev: "SOCAR Monteneqronu da qazlaşdıra bilər"

SOCAR Albaniya ilə yanaşı, Monteneqronun da qazlaşdırılmasında iştirak edə bilər.


"Dalğa TV" "APA-Economics"ə istinadən xəbər verir ki, bu məlumatı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.
;
"Bu, daha gəlirli və səmərəli olar. Bu işlərə baxılır. TAP layihəsi istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidenti: "Türkiyədəki layihələr uğurla həyata keçirilir"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)Türkiyədə icra etdiyi investisiya layihələri uğurla həyata keçirilir.

"Dalğa TV" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev son günlər Türkiyə mətbuatında yazılanlara münasibət bildirərək qeyd edib: "Ola bilər ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasi və iqtisadi birliyinə kölgə salmaq istəyir".
R.Abdullayev əlavə edib ki, SOCAR-ın bu ölkədəki layihələri uğurla həyata keçirilir: "TANAP layihəsi yüksək templə irəliləyir. Artıq boruların düzülməsi və qaynaq işlərinin aparılması həyata keçirilir. Bu layihədə gözəl nəticələr var".
"Star" neft emalı zavodunun inşası da davam etdirilir. Burada işlər proqramı qabaqlayır. "Petlim" limanı artıq başa çatdırılır, burada kranlar quraşdırılır. Bu liman gələn ilin birinci rübündə artıq yükləri qəbul etməyə başlayacaq. Bu gözəl nəticələr, Türkiyə-Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir. Bu da normal bir şeydir", - deyə SOCAR prezidenti vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər