Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2529
DünənDünən2998
Bu həftəBu həftə2529
Bu ayBu ay97497
Bu günə qədərBu günə qədər8459128

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

“Cənub Qaz Dəhlizi” layihələrinə ARDNF-dən 736,9 milyon dollar vəsait yönəldilib

2014-2015-ci illər ərzində “Cənub Qaz Dəhlizi” layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 736,9 milyon ABŞ dolları və yaxud 732,8 milyon manat vəsait yönəldilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci il üzrə hesabatında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsis edilib. Sərəncamın 2.1.-ci bəndi ilə QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb. 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə ARDNF tərəfindən 692,9 milyon manat və yaxud 685,9 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.

Azərbaycanda avro manata qarşı bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi sabit qalaraq 1,5332 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 1,03% bahalaşaraq 1,6960 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 2,17% möhkəmlənərək 0,0235 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,36% möhkəmlənərək 0,5234 manata yüksəlib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0385 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,71%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 5,5% ucuzlaşaraq 0,6497 manat təşkil edib.

Azərbaycan 90 milyon itirdi - Britaniyaya görə

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib.

2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.

Aİ ilə bağlı tarixi qərar iqtisadi panika yaratdı - Neft ucuzlaşır, dollar qalxır

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı qərarı dünya iqtisadiyyatında ciddi gərginlik yaradıb.

Qərarın açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa Fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.

İqtisadçı-ekspert Samir Əliyev bir neçə saat içərisində baş verən dəyişiklikləri AzNews.az-a şərh edib: “Belə qərarlar zamanı bazarlarda qısa müddətli panika yaranır. İngiltərənin Avropa Birliyindən çıxacağı halda gözlənirdi ki, funt sterlinq və avro ucuzlaşacaq. Bu da baş verdi. Funt dollara münasibətdə 30 illik həddə düşdü, avro isə ucuzlaşdı. Bu proses hələki davam edir. Bahalaşan isə Yapon yeni, ABŞ dollarıdır. Neft isə ucuzlaşıb. Düzdür, neft itirdiyi mövqelərini bərpa edir. 47 dollara kimi ucuzlaşan neft hazırda 49-a qədər bahalaşıb. Qızıl isə 5 faiz bahalaşıb. Bu, gözlənilirdi”.

S.Əliyev bütün bunların Azərbaycan üçün təsirsiz qalmasının qaçılmaz olduğunu qeyd edib: “Təbii ki hamını bir sual düşündür, bunun manata təsiri necə olacaq? Əgər manatın məzənnəsini doğrudan da bazar müəyyənləşdirsəydi, bu gün görəcəkdik ki, manat dollara nisbətdə ucuzlaşıb. Amma bu, hələ ki, baş vermir. Biz yaxın günlərdə manatın məzənnəsinin dəyişiləcəyini görəcəyik. Əslində bilirik ki, Mərkəzi Bank manatı tənzimləyir. Ona görə manatın hansısa dəyişikliyi hələ ki, müşahidə edilmir”.

İqtisadçı sözügdən qərarın Azərbaycana təsir istiqamətlərini də açıqlayıb: “Birincisi, neftin ucuzlaşması Azərbaycan üçün arzuolunan ssenari deyil. Biz neftin ucuzlaşmasını görürük. İkinci təsiri Azərbaycanın valyuta ehtiyatlarıdır. Üçüncüsü isə dolların bahalaşması manatın məzənnəsinə təzyiqi artacaq. İndi hər şey Mərkəzi Bankın davranışından asılı olacaq. Maraqlıdır, Mərkəzi Bank belə bir vəziyyətdə öz valyuta ehtiyatlarını xərcləyib manata dəstək verəcəkmi, yoxsa manatı müəyyən qədər buraxacaqmı? İstənilən halda mən bir devalvasiya ssenarisini istisna edirəm. Manatın ucuzlaşması davam edəcək”.

Azərbaycan-Gürcüstan birgə müəssisəsi ölkəmizə televizor ixrac edəcək

Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telecom" şirkətinin istehsal etdiyi televizorlara qonşu ölkədə tələbat olduqca yüksəkdir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin direktoru Mixail Qlonti deyib.

Onun sözlərinə görə, zavodda istehsal olunan televizorlar iyun ayının 1-dən etibarən satışa çıxarılıb və indiyədək 150 ədəd aparat satılıb: "Bu rəqəm menecmentin proqnozu ilə tamamilə üst-üstə düşür. Biz yaxın vaxtda satışların həcminin artacağını proqnozlaşdırırıq. Biz "Samsung" şirkəti ilə rəqabət aparırıq. Məhsulumuz həm qiymət, həm də keyfiyyət baxımından rəqabətə davam gətirir".

M. Qlonti əlavə edib ki, bu ilin sonunadək "AG Telecom" 200 ədəd televizoru Azərbaycana ixrac edəcək. Bundan başqa, bu istiqamətdə

Azərbaycan, Türkiyə və Gürcüstanda istirahətin - QİYMƏTLƏRİ

Qonşu ölkənin turizm sektoru böhran içindədir.

Azərbaycanlıların da yay istirahəti üçün seçimləri sırasında yer alan Türkiyənin istirahət bölgələrində vəziyyət acınacaqlıdır.

Oxu.Az musavat.com-a istinadən oradakı real mənzərəni Türkiyənin "Hürriyet" qəzetinin araşdırmasına əsasən oxucularına çatdırır.

Bu il ölkənin turizm sektoru uzun illərdən sonra bəlkə də ən ağır mövsümlərdən birini yaşayır, xüsusən də Türkiyənin turizm şəhərlərində çətin vəziyyət dərindən hiss edilir.

Bu şəhərlərdə təkcə otellər yox, əslində satıcılar da, yerli xalq da sayı yarıbayarı azalan turistlərin ortaya çıxardığı problemlərdən nəsibini alır.

Uzun müddətdir hansı otel sahibinə soruşulsa, hansı sektor təmsilçisi ilə danışılsa, problemin böyük olduğunu, azalan turist sayının sözügedən sektoru çökdürdüyünü deyir.

Bəzi otellər açılmayıb, yataqlar lobbidə düzülüb, şezlonqlar isə boşdur

"Hürriyet" Antalyadan Muğlaya qədər bir neçə bölgəni araşdıraraq ortaya maraqlı turizm dosyesi qoyub. Antalyada Alanya, Konaklı, Türkler, Avsallar, Okurcalar, Side, Belek, Lara, Muratpaşa, Beldibi, Kemer və Tekirovaya, Muğlada isə Fethiye, Ölüdeniz, Göcek, Dalaman, Marmaris və Bodruma baş çəkiblər.

Bütün bu bölgələrdə yaşanan ortaq problem ötən illə müqayisədə turist sayının aşağı düşməsidir. Problemlər bununla da bitmir. Bir çox otellər ötən illə müqayisədə daha az işçi işlədir. Bölgədə işsizlik artıb. Bəzi otellər açılmayıb, hovuzlar boş, yataqlar isə otelin lobbisində yerə düzülüb.

Açıq olan otellər isə lazımi müştərini təmin edə bilməməkdən narazıdır. Məsələn, otel rəhbərləri 200 otaqlı bir oteldə cəmi 25 otağın dolu olmasından şikayətlənir və bu müştəri qıtlığı baqqalından qarğıdalı satıcısına, taksi sürücüsündən kafe rəhbərinə qədər hər kəsə problem yaradır.

Keçmişdə ən qabaq sıradakı şezlonqları zəbt etmək üçün yarış olduğunu deyən otel işçiləri indi gün boyu şezlonqların boş qaldığından şikayətləniblər.

Antalyaya gələn turist sayı ötən illə müqayisədə 42% azalıb. Xüsusən, Alanya və Kəmərdə böyük sıxıntı yaşanır. Təkcə Alanyada açılmayan turizm müəssisələrinin sayı 30-u keçib. Bir çox otel isə açıq olmasına baxmayaraq, boşdur.

Aeroportlar ilk siqnalı verir

Elə İstanbul Atatürk aeroportunda da bu problem özünü göstərir. Burada da Antalyaya gedən təyyarələrdə sərnişin azlığı diqqət çəkir. Antalya aeroportunda bir il əvvəl özünü göstərən qələbəlikdən indi əsər-əlamət yoxdur.

Taksiyə daha tez minmək, avtobusa çatmaq cəhdləri yoxdur. Alanyanın mərkəzindəki restoranlar isə boş, taksi sürücüləri və mağaza sahibləri müştəri gözləyirlər.

Əksər otellər işçilərinin sayını azaldıb. Alanyadakı otel sahiblərindən biri turist sayının azlığına görə 140 işçisini işdən çıxarıb. Almanların və rusların çox sevdiyi Side və Manavqatda da durum çox parlaq deyil.

Belekdəki satıcılar isə çoxdan bu krizə məğlub olublar. Bir eynək mağazası sahibi 7 ildir ki, bu bölgədə alver etdiyini, amma heç vaxt belə pis vəziyyətlə qarşılaşmadığını deyib:

"Bu il bölgədəki dükanlarımızdan birini bağlayacağıq. Çünki kirayəsini ödəyə bilmirik. İllik kirayə 60 min avronu keçir. Keçən il gündə 1500 dollara yaxın mənfəətimiz olduğu halda, indi bu rəqəm 100 dolları keçmir".

 

Nə pullu çimərlikdə turist var, nə də pulsuzda...

Antalyanın Lara bölgəsində isə pullu-pulsuz çimərliklərin heç birində turistə rast gəlmək mümkün deyil. 500-dən çox nömrəsi olan otellərin sahillərindəki insanları rahatlıqla saymaq mümkündür.

Bu bölgədə də ticarət obyektlərinin icarə haqqı ildə 30-100 min avro arasında dəyişir. Mağaza sahibləri gündə ən azı 2500 avro qazanmalıdır ki, kirayəni və işçilərin məvaciblərini ödəyə bilsinlər.

Taksi dayanacağında çalışan sürücülər də vəziyyətdən şikayətçidir. Dediklərinə görə, keçən il dayanacaqda 18 taksi dayanmadan çalışırdı. İndi isə ancaq 9 taksi dayanacağa gəlir. O taksilərin sürücüləri də 1-2 müştəri ilə günü yola verirlər.

24 saat çalışan bir taksinin gündəlik gəliri 80 faizə yaxın düşüb. Kəmərdə 5 ulduzlu iki oteli olan bir sahibkar isə otellərindən birini açmamağa qərar verib.

Bizdə isə 4 günə 700 AZN istəyirlər...

Bu il azərbaycanlılar üçün də Türkiyənin istirahət bölgələri əlçatan deyil. Məlumdur ki, turizm şirkətləri turları dollarla alır və müştəriyə də dollarla satır. Dolların gündəlik kursuna əsasən isə qiymətlər heç də ürəkaçan deyil.

Digər tərəfdən Türkiyədə turizmin ölü vəziyyətdə olmasını oxuyan istənilən şəxs düşünür ki, müştəri axınına məruz qalmayan turizm obyektində xidmət də, yeməklər də, qulluq da əvvəlki kimi olmayacaq. Üstəgəl, Türkiyədə son dönəm terror faktlarının artması insanı bu ölkədən bir qədər qorxudur. Əcəba, getdiyimiz yerdə terror ehtimalı ola bilərmi?

Bu kimi problemlər isə insanı istər-istəməz bölgələrimizdəki istirahət guşələrinə yönəldir.

Amma qiymətlərlə tanış olana qədər. Azərbaycanın Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrində 4 nəfərlik ailənin istirahəti minimum 2 min manata başa gəlir.

Sözügedən bölgələrdə yerləşən sıradan otellərdən birində 1 həftə ərzində qalmaq yalnız səhər yeməyi daxil edilməklə, bir nəfər üçün 500-700 manat məbləğindədir.

Adi bir misal. "Qafqaz Qəbələ Resort" otelində 15 iyun - 31 avqust tarixlərində 5 gecə qalıb 4 gecə üçün 690 AZN ödəmək təklif olunur. Kampaniya 2 nəfərlik standart (double və ya twin) otaqlar üçün nəzərdə tutulub.

Qiymətə daxildir:

- 2 nəfərlik standart otaq;

- Səhər və axşam yeməyi;

- SPA mərkəzi;

- Hovuz;

Qeyd. Göstərilən qiymətlər Ramazan bayramı günlərinə (6-10 iyul tarixlərinə) şamil edilmir.
Yəni burada söhbət heç 1 həftədən də getmir. 4 gün üçün, hətta nahar da daxil edilmədən, 700 AZN-ə yaxın məbləğ bir nəfərə aiddir.

"Samaxi Palace" otelində isə 1 həftə istirahət, 7 gecə, 6 gün üçün 499 AZN tələb olunur. Bura ancaq səhər yeməyi və SPA daxildir.

Bilgəh, yoxsa Kabuleti?

Hesab edək ki, çox uzağa getmək istəmirsiz. Bilgəhdə, yaxınlıqda bir oteldə, dənizdə üzmək və təmiz hava almaqla istirahət planınız var.

Çox da tələsməyin. Çünki burada yerləşən "Jumeriah hotel"də bir nəfərin bir günlük qalmasının qiyməti 235 manatdan başlanır, ta 410 manata qədər. Sözügedən oteldə kral suitinin qiyməti isə... 7435 manatdır. Bəli, bir gecəsi... Odur ki, başqa fakta gərək varmı?

Buna görə də bir çox yerli turistlər Gürcüstan variantına üstünlük verirlər. Sosial şəbəkədə elanlarını yerləşdirən turizm şirkətlərindən biri Kabuletidə 7 günlük istirahət üçün cəmi 190 manata elan verib, iyul ayı üçün müştəri rezerv edir.

190 manata oteldə 6 gecə 7 gün qalmaq, gündə üç dəfə yemək, otelin bütün xidmətlərindən istifadə etmək daxildir. Bu isə azərbaycanlı turist üçün əlavə və daha sərfəli istirahət təklifidir.

Tiflisdə Enerji Təhlükəsizliyi Forumu keçirilib

Tiflisdə "Enerji təhlükəsizliyi: "Köhnə və yeni geosiyasi paradiqma" mövzusunda Beynəlxalq Enerji Forumu keçirilib.
"Dalğa TV"nin məlumatına görə, Azərbaycan nümayəndələrinin də iştirak etdiyi forumda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ölkənin enerji təhlükəsizliyi, enerji sahəsində həyata keçirilən və planlaşdırılmış layihələr barədə, Gürcüstanın tranzit ölkə kimi strateji coğrafi mövqeyindən və ölkəyə yatırılan investisiyalardan ətraflı söhbət açıb.

Baş nazir sualları cavablandırarkən İpək Yolunun vacibliyindən və əhəmiyyətindən danışıb: "Bu yaxınlarda biz ölkədən keçən ilk tranzit layihənin 20-ci ildönümünü qeyd etdik. Bakı-Supsa qaz kəməri ilk layihə kimi Gürcüstan xəritəsində qeyd edildi. Bundan sonra Azərbaycanın, Gürcüstanın və Türkiyənin iştirakı ilə bir neçə mühüm layihələr həyata keçirilib. O cümlədən, "Bakı-Tiflis-Ceyhan boru kəməri", "Cənubi Qafqaz qaz kəməri", "Şahdəniz" layihəsi həyata keçirilib və bu layihə ilə Gürcüstana əlavə olaraq təbii qaz daxil olur. Bu enerji layihələrinə ümumilikdə 45 milyard dollar məbləğində investisiya yatırılıb. Gürcüstana birbaşa 2 milyard dollar məbləğində investisiya yatırılıb", - deyə baş nazir qeyd edib.

Gürcüstanın baş naziri Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan enerji təchizatı baxımından bir nömrəli strateji tərəfdaşdır.

Baş nazir Gürcüstanın müstəqilliyini bərpa etdikdən sonra Amerikanın regionda ən mühüm oyunçu olduğunu bildirib. G.Kvirikaşvili ABŞ-ın "Bakı-Supsa", "Bakı-Tiflis-Ceyhan" neft kəməri, "Bakı-Tiflis-Ərzrum" qaz kəməri kimi strateji layihələrə böyük töhfələr verdiyini qeyd edib. O, ABŞ-ın 25 ildir ki, Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib. G. Kvirikaşvili ölkədən keçən enerji layihələrinin təhlükəsizliyində Amerikanın rolunu yüksək qiymətləndirib: "Regionda terrorizm təhlükəsi var. ABŞ-ın dəstəyi olmadan təhdidlərlə mübarizə mümkün deyil. Amerika Qərb ilə Şərq arasında stabil tərəfdaşdır".

Forumda Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze də çıxış edib.

Tədbir İqtisadi Siyasət Araşdırma Mərkəzi (EPRC), Konrad Adenauer Fondu (KAS) və ABŞ-ın Gürcüstandakı səfirliyinin yardımı ilə baş tutub.

Neft qiymətləri 8 ayın rekordunu vurdu - 51 dolları ötdü

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 51,24 dollar dollar olub.

AzNews.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 50,28 dollar dollar təşkil edib.

Xatırladaq ki, Brent neftinin qiyməti ötən ilin oktyabrından etibarən ilk dəfə 51 dolları ötüb.

Xəbər 602 dəfə oxunub.

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Gürcüstana səfər edən turistlərin və xarici qonaqların sayında yeni rekord müəyyənləşib - bu ilin ilk 5 ayı ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% çoxdur.

"Dalğa TV" "Sputnik Georgia" agentliyinə istindən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% artıb.

"Qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayı daha çoxdur. İlk yerdə Azərbaycan qərarlaşıb. Bu ölkədən Gürcüstana 570 min 825 nəfər səfər edib ki, bu da 22%-lik artım deməkdir. Azərbaycanın ardınca Türkiyə gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 524 min 71 nəfər olub. Üçüncü yerdə qərarlaşan Ermənistandan ölkəmizə 445 min 343 nəfər səfər edib. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur - bu ölkələrdən Gürcüstana müvafiq olaraq 303 min 678 və 53 min 166 nəfər gəlib", - deyə G. Çoqovadze bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan ölkələrdən Gürcüstana daha çox Latviya, İtaliya, Polşa, Fransadan səfər edirlər.

"Bu ilin əvvəlində biz ölkəyə daha çox turistin cəlb olunması üçün müvafiq tədbirlər planı hazırladıq. Plana əsasən, həm ölkə daxilində, həm də ölkə xaricində aktiv tədbirlər həyata keçirdik. Bunun nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayında artım tendensiyası müşahidə olundu. İndi biz əminliklə deyə bilərik ki, bu il ölkəyə rekord sayda turist gələcək", - deyə G. Çoqovadze bildirib.

Mayı ayının göstəricilərinə gəlincə, o deyib ki, ötən ay ərzində Gürcüstana 522 min 359 xarici qonaq daxil olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur. Mayda ölkəyə daha çox Türkiyədən (134 min 652 nəfər) səfər ediblər. İkinci yerdə Azərbaycan (111 min 944 nəfər), üçüncü yerdə isə Ermənistan (110 min 562 nəfər) qərarlaşıb.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstan turizm sektorundan 1,94 mlrd. dollar gəlir əldə edib ki, bu da 2014-cü illə müqayisədə 8,34% çoxdur.

Türkiyə Gürcüstana yeni avtobuslar hədiyyə edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və İstanbul Böyük Şəhər Bələdiyyəsi rəhbərliyinin təşkilatçılığı ilə Gürcüstan paytaxtına 5 ədəd avtobus gətirilib.

Paytaxt Tiflisə gətirilən avtobuslar hədiyyə olaraq Tiflis Şəhər Meriyası rəhbərliyinə təqdim edilib.

Gürcüstan paytaxtındakı Avropa Meydanında təşkil olunan təqdimetmə tədbirində Türkiyə-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu rəhbərinin köməkçisi Hüseyn Şahin, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, İETT baş müdiri Mürmin Kahveci, Tiflis Şəhər Meriyasının rəhbəri David Narimaniya və TİKA-nın Tiflis koordinatoru Mustafa Qorxmaz iştirak edib.

Azərbaycan neftinin qiyməti 51 dolları ötüb

Hərracların yekunu.

Azərbaycan nefti bahalaşır.

"Dalğa TV"nin məlumatına görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,69 dollar və yaxud 1,36% bahalaşaraq, 51,31 dollara bərabər olub.

SOCAR-ın İsveçrədəki ofisi bağlandı

Dünya bazarında neftin ucuzlaşması SOCAR-ı struktur dəyişiklikləri etməyə məcbur edib.

"Dalğa TV" Trendə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, SOCAR hər bir şirkət kimi xammalın qiymətinin ucuzlaşmasına cavab olaraq müvafiq qərarlar qəbul edib.

İsveçrədə SOCAR nümayəndəliyinin bağlanması barədə məlumatı şərh edərkən R.Abdullayev bildirib ki, SOCAR bütün xarici nümayəndəliklərin fəaliyyətinin dayandırılması barədə qərarı hələ ötən ilin dekabrında qəbul edilib:

"Nümayəndəliklərin funksiyaları Bakıdakı ofisə və tam SOCAR-a məxsus olan şirkətlərə verilib".

Saytda Axtarış

Son xəbərlər