Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2524
DünənDünən2998
Bu həftəBu həftə2524
Bu ayBu ay97492
Bu günə qədərBu günə qədər8459123

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

SOCAR-ın satdığı xam neft fevralda kəskin bahalaşıb

SOCAR fevral ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,11 dollara, Urals nefti 54,01 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 56,63 dollara satılıb.

Qeyd edək ki, yanvarda dünya bazarında Brent tipli xam neftin 1 bareli 54,67 dollara, Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb. Beləliklə, ay ərzində Brent tipli neftin qiyməti 0,8%, Urals neftinin qiyməti 0,65%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 2,7% artıb.


Ötən ilin fevralında ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 32,48 dollara, Urals nefti 31,26 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 33,43 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 16,67%, Urals neftinin qiyməti 72,77%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 69,4% artıb.

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb

Bu ilin fevral ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 73 693 ton dizel yanacağı, 3 983 ton təyyarə yanacağı, 8 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 232 ton maye piroliz qətranı, 5 184 ton propilen və 2 041 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində 145 152 ton dizel yanacağı, 10 936 ton təyyarə yanacağı, 16 366 ton yüksək təzyiqli polietilen, 1 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 397 ton maye piroliz qətranı, 8 292 ton propilen və 4 782 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti - 319,1 dollar, yüksək təzyiqli polietilenin - 1280 dollar, butilen butadien fraksiyasının - 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin qiyməti - 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1045 avro təşkil edib.

"Qırmızı Körpü"nün inkişafına dəstək layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib

Bu gün "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkşafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Gürcüstanın maliyyə nazirinin birinci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İshaqzai və onun Gürcüstanda fəaliyyət göstərən həmkarı Niels Skott iştirak ediblər.


BMT İnkişaf Proqramının Azərbaycandakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevin moderatorluğu ilə keçirilən iclasda layihənin qısa təqdimatı olub və "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin 2017-ci il üzrə iş planına dair müzakirələr aparılıb.

Tədbirdən sonra iştirakçılar öncə Gürcüstan tərəfindən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində sanitar və fitosanitar laboratoriyaların sadələşdirilməsi üzrə tikintinin layihəsi və planı ilə tanış olublar.

Daha sonra iştirakçılar Azərbaycan tərəfindən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin planı ilə tanış olublar.


"Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunur.


Layihənin əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Jurnalistlərə açıqlamasında A.Əliyev bildirib ki, layihə gömrük rəsmiləşdirilməsinin daha sürətli aparılmasına, eyni zamanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq: "Nəqliyyat dəhlizinin inkişafı ilə bağlı olan bu layihə ətrafında uzun müddət danışıqlar aparılırdı. Layihəyə dair anlaşma 2015-ci ildə imzalanmışdı. Ötən ilin mayın 5-də Gürcüstan tərəfinin iştirakı ilə təqdimetmə mərasimi keçirildi. Layihənin təşəbbüskarı Avropa İttifaqı olub. Layihənin ümumi dəyəri 2,6 milyon avro təşkil edir ki, burada Azərbaycana ayrılan maliyyə yardımının məbləği 1 milyon 329 min avrodur. Hazırda Gürcüstan ərazisində hər iki tərəfin istifadəsi üçün nəzərdə tutulmuş böyük kompleks tikilir. Orada fitosanitar nəzarətin həyata keçirilməsi işləri aparılacaq. Bununla yanaşı, layihə çərçivəsində Azərbaycana ayrılan vəsait hesabına respublikamızın ərazisində 9 hektar ərazidə logistik ticarət mərkəzinin tikintisi aparılacaq".

“ABB – Gürcüstan” - 10 il

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ildönümü tamamlanıb. Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyətə başlayıb. Hazırda “ABB–Gürcüstan”ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir.

Dalga tv xəbər verir ki, Gürcüstan Banklar Assosiasiyasının üzvü, Gürcüstanın “Birləşmiş Klirinq Mərkəzi”nin təsisçilərindən olan Bank 2011-ci ildə BACEE təşkilatına (Mərkəzi və Şərqi Avropa regionu üzrə Banklar Assosiasiyası) qəbul edilib.

“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. Bank Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı beynəlxalq layihələrə maliyyə vasitəçisi kimi yaxından dəstək göstərir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır. 

SOCAR Neft Daşlarında bişirilən çörəklərin keyfiyyətinə dair yayılan məlumatlara aydınlıq gətirib

SOCAR bəzi yerli KİV orqanlarında Neft Daşlarında bişirilən çörəklərin keyfiyyətinə dair yayılan məlumatlara aydınlıq gətirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR həmkarlarının sağlamlığı şirkət üçün ən vacib məsələ olduğuna görə, bu barədə dərhal araşdırma aparılıb və yayılan xəbərin həqiqətə uyğun olmadığı müəyyən olunub”.

Məlumatda bildirilir ki, Neft Daşlarında tutduğu vəzifədən asılı olmayaraq bütün əməkdaşlar üçün eyni keyfiyyətdə və ölçüdə çörəklər hazırlanır: “Bu istiqamətdə SOCAR-da daimi yoxlamalar aparılır. Habelə bütün yeməkxanalarda xidmət keyfiyyətinin ölçülməsi məqsədilə işçilər üçün jurnallar mövcuddur ki, ora bildirilən irad, təkliflər də tez-tez nəzərdən keçirilir”.

SOCAR Neft Daşlarında bütün işçilərə verilən çörəyin fotolarını təqdim edib: “Bundan sonra da həmkarlarımızın keyfiyyətli ərzaqla təmin edilməsi ilə bağlı mütəmadi monitorinqlər aparılacaq”.

 

“SOCAR Tower” mükafatlandırılıb

SOCAR-ın yeni inzibati binası – “SOCAR Tower” layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır.

Qeyd edək ki, mükafatın rəsmi təqdimetmə mərasimi 2017-ci il aprelin 25-də Vaşinqtonda “Washington Marriott Wardman Park” otelində keçiriləcək. “SOCAR Tower” layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olunmuşlar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində “SOCAR Tower” layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.

Xatırladaq ki, “SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

SOCAR OPEC-in razılaşmasındakı boşluqdan istifadə edib

alt

Dünya üzrə, o cümlədən ABŞ, Böyük Britaniya və Braziliyadan olan neft treyderləri Asiyaya satışları artırıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, treyderlər OPEC ölkələri tərəfindən hasilatın azaldılmasına dair əldə olunan razılaşma nəticəsində yaranan boşluqdan istifadə edib.

Tədqiqatların nəticəsi göstərir ki, bu ay 30-dək supertanker uzaq məsafəyə səfərə çıxaraq Amerikadan, həmçinin Şimal və Aralıq dənizlərindən əldə etdiyi xam nefti Asiyadakı neft emalı zavodlarına çatdırıb. Məhz bu bölgə dünyanın ən iri və sürətlə inkişaf edən bazarı hesab olunur.

Bildirilir ki, tankerlərin bu cür qeyri-adi yerdəyişmələri OPEC və kartelə üzv olmayan ölkələr tərəfindən sutkalıq hasilatın 1,8 mln. barel azaldılmasına dair razılaşmanın əldə olunmasından sonra baş verib.

Daşımalarda daha aktiv iştirak edən şirkətlər arasında BP, "Royal Dutch Shell", "Trafigura", "Vitol", "Mercuria" və "Unipec" kimi treyderlərin adını qeyd etmək olar.

"Glencore", SOCAR və "Petrobras" da daşımalarda aktiv şəkildə iştirak edib.


"Treyderlər daşımaların nisbətən aşağı qiymətə olmasından və müxtəlif regionlarda neftin qiymətindəki fərqdən istifadə edərək gəlir edib. Belə ki, bir regionda xammal defisiti olduğu halda, digər regionda əks proses müşahidə olunur", - deyə adının açıqlanmasını istəməyən treyder bildirib.

Məsələn, hazırda WTI markalı neftin 1 barelinin dəyəri 54,50 dollar təşkil etdiyi halda, "Brent" markalı neftin 1 barelinin dəyəri 56,90 dollardır. Beləliklə, qiymətlərin arasına 2,40 dollarlıq fərq yaranır. Halbuki, OPEC tərəfindən hasilatın azaldılmasına dair razılaşma əldə olunanadək fərq sıfıra bərabər olub.
 

Nəql qrafiki göstərir ki, ABŞ-dan Asiyaya bu ay 3,5 mln. barel xam neft daşınıb. Oktyabrda bu göstərici 1 mln. barel olub. Britaniyadan Asiya istiqamətində daşımaların həcmi 1,6 mln. bareldən 10,5 mln. barelədək artıb.


Braziliyadan Asiya istiqamətində daşınan xam neftin həcmi tarixi rekord yeniləyərək 16,7 mln. barelə çatıb. Qeyd edək ki, oktyabrda Braziliyadan Asiyaya 6,9 mln. barel xam neft nəql edilib.

Qrafiklər göstərir ki, bu tendensiya martda da qorunacaq.

Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı aşağı salınacaq

alt

Aprelin 1-dən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN,  kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcək.

SOCAR "Itochu" ilə elmi-texniki əməkdaşlığa dair memorandum imzalayıb

Bu gün SOCAR-da Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin IX iclasında iştirak etmək üçün Bakıya gələn Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov yapon şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmələrindən, Azərbaycan şirkətləri ilə birgə layihələr üzrə qazanılan uğurlardan danışıb. O qeyd edib ki, yapon şirkətləri ölkəmizin neft-qaz sektorunda ən etibarlı tərəfdaşlardandır.

1996-cı ildə "Itochu" şirkətinin "Əsrin müqaviləsi"nə qoşulduğunu və artıq 20 ildir ki, SOCAR ilə uğurlu əməkdaşlıq etdiyini xatırladan Y. Lətifov Azərbaycanda neft-qazçıxarmanın zəngin və qədim tarixindən söz açıb, dünya neft sənayesi tarixinə Azərbaycan neftçilərinin verdiyi töhfələrdən danışıb.

Yapon nümayəndə heyətinin rəhbəri, "Itochu" korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşi qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur və bu baxımdan, hazırkı səfər və keçirilən görüşlər olduqca simvolikdir. Azərbaycanın coğrafi mövqeyinin əlverişli olduğunu və bunun yeni bir enerji habı olaraq ölkəmizin əhəmiyyətini artırdığını vurğulayan Y. Kobayaşi bildirib ki, yapon şirkətləri SOCAR-ın həyata keçirdiyi layihələrə həmişə diqqət yetirir, istər neft-qaz hasilatı, istərsə də emal, treydinq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirməsinə böyük maraq göstərirlər.

Daha sonra o, görüşdə iştirak edən Yaponiya nümayəndə heyətinin geniş tərkibini təqdim edib. “Sumitomo Corporation LLC”, “Mitsubishi Corporation”, “Panasonic Marketing CIS Oy” və digər şirkətlərin rəhbərləri təmsil etdikləri qurumların Azərbaycanla əlaqələrindən danışıb, SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
 

SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, David Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov, Sərmayələr İdarəsinin rəis müavini Davud Yaqubov, İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Rəşid Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirmiş, onların suallarını cavablandırıblar.

Tədbirin sonunda SOCAR və "Itochu Oil Exploration Co. Ltd." şirkəti arasında elmi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini 41 dəfə artırıb

Cari ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 8 mln. 444,5 min dollar dəyərində elektrik enerjisi idxal edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ötən ay Azərbaycan Gürcüstana 8 mln. 240,5 min dollar və 41,39 dəfə çox elektrik enerjisi ixrac edib. Belə ki, ötən ilin yanvar ayında qonşu ölkə Azərbaycandan 204 min dollar dəyərində elektrik enerjisi alıb.
 

Rustavi-Qırmızı Körpü avtomobil yolu təmir olunacaq

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhədə qədər avtomobil yolu təmir olunacaq.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Rustavi-Qırmızı Körpü yolunun təmirinə 689 min dollar ayrılacaq.

Uzunluğu 35 kilometr olan avtomobil yolunun təmiri Şərq-Qərb sürətli magistralın müasirləşdirilməsi layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Dünya Bankı tərəfindən maliyyələşdirilir.

Gürcüstan hökuməti paralel olaraq Rustavi-Sadaxlı yolunu təmir etməyi planlaşdırılır. Ermənistanla sərhədə qədər 40 kilometrlik yolun təmirinə təxminən 651 min dollar xərclənəcək.

Layihələndirilmə işlərinin 17 ay davam edəcəyi gözlənilir. Bundan sonra tender elan olunacaq.

Nazir: "Azərbaycan, Türkiyə və Gürcüstanın icra etdiyi layihələr vaxtında başa çatdırılacaq"

"Azərbaycan xalqı və rəhbərliyi ötən ilin iyul ayının 15-də Türkiyədə baş verən çevriliş cəhdini kəskin pisləyir və qardaş ölkənin xalqı tərəfindən seçilmiş iqtidarını qeyd-şərtsiz dəstəkləyir". APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İstanbulda keçirilən V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.


Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı yüksək səviyyəli əməkdaşlıq ilk növbədə sabitliyə əsaslanır: "Türkiyə bu gün yaşayır, inkişaf edir və öz dostlarını sevindirir. Əməkdaşlığımızın  arxasında ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Tarixən formalaşan dostluq və qardaşlıq münasibətləri ölkələrimizi daha da yaxınlaşdırır".

Ş. Mustafayev qeyd edin ki, Azərbaycan Türkiyə iqtisadiyyatının ən iri investorlarından biridir. Bu xüsusda nazir SOCAR-ın rolunu yüksək qiymətləndirib: "Təkcə SOCAR-ın qardaş ölkəyə investisiyalarının həcmi 2020-ci ilə qədər 17 milyard dollara çatacaq".

Türkiyə və Gürcüstan şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar barədə məlumat verən Ş. Mustafayev bildirib ki, ötən il Gürcüstan və Azərbaycandan keçərək Orta Asiyaya gedən türk yük maşınlarının sayının ikiqat artıb.

Nazir həmçinin Bakı-Tbilisi-Qars layihəsinin icrasına da toxunub. Onun sözlərinə görə, layihənin icrası bu ilin sonunadək başa çatdırılacaq. "Qars dəmir yolunun Naxçıvana qədər uzadılacaq. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə bu cür layihələrdən təcrid olunub. TANAP və digər nəhəng layihələrin icrası vaxtında başa çatdırılacaq", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollarlıq investisiya yatırıb.
 

Onun sözlərinə görə, forumda 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edir: "Şübhəsiz, bu forum əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verəcək. Azərbaycan prezidenti İlham Əliyev bu foruma böyük əhəmiyyət verir", - deyə nazir bildirib.

Çıxışının sonunda Ş. Mustafayev qeyd edib ki, növbəti forum Azərbaycanda keçiriləcək və tədbirdə iştirak edən rəsmi şəxsləri və iş adamlarını orada iştirak etməyə dəvət edib.

Saytda Axtarış

Son xəbərlər