Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2523
DünənDünən2998
Bu həftəBu həftə2523
Bu ayBu ay97491
Bu günə qədərBu günə qədər8459122

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Baş nazir: "Bakı-Tbilisi-Qars layihəsi növbəti ilin birinci rübündə istismara veriləcək"

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ilin birinci rübündə istismara veriləcək. "APA-Economics" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, layihə tamamlanmaq üzrədir.

Öz növbəsində G. Kvirikaşvili qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsi Türkiyə, Gürcüstan və Azərbaycan arasında mövcud olan əməkdaşlığın vacib elementidir.

“SOCAR GPC” layihəsi çərçivəsində lisenziya müqavilələri imzalanıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neft-kimya sənayesində mühüm texnologiyalara sahib olan “Technip”, “Univation”, “Axens” və “SinopecTech” şirkətləri arasında texnologiya lisenziyası müqavilələri imzalanıb. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, müqavilələr “SOCAR GPC” layihəsi çərçivəsində müasir texnologiyaların tətbiq olunması ilə təbii qazın mükəmməl emalı və yüksək keyfiyyətli polimer məhsulları istehsal edilməsi məqsədilə bağlanıb. 

Müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Bakının 15 kilometrliyində, Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər.

Tədbirin əvvəlində dekabrın 15-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin, eləcə də 4 ölkənin səfirinin tədbirdə iştirak etdiyini nəzərə alaraq, dünən onların terror aktı nəticəsində faciəli surətdə həlak olmuş həmkarları - Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“SOCAR GPC” layihəsi haqqında qısa videoçarxın nümayişindən sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirakçıları salamlayaraq, Azərbaycanda həyata keçirilən yeni enerji strategiyasının nailiyyətlərindən, bu strategiya çərçivəsində reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli layihələrin uğurundan və həmin layihələrin icrasında xarici şirkətlərlə SOCAR arasında yaranmış sıx əməkdaşlıq münasibətlərindən danışıb. Bildirilib ki, hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan bir sıra layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün Cənub Qaz Dəhlizi çərçivəsində Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisinin beynəlxalq əhəmiyyətini qeyd edən SOCAR prezidenti daha sonra şirkətin Azərbaycanda və Türkiyədə həyata keçirdiyi iri investisiya layihələrindən söz açıb, bu layihələrin maliyyələşdirilməsində və icra olunmasında iştirak edən xarici şirkətlərin rolunu vurğulayıb. Bugünkü tədbirlə “SOCAR GPC” layihəsinin həyata keçirilməsinə start verildiyini diqqətə çatdıran R.Abdullayev layihə iştirakçılarına uğurlar arzulayıb, tədbirdə iştirak etdikləri üçün ABŞ, Fransa, İtaliya və Çinin Azərbaycandakı səfirlərinə təşəkkürünü bildirib.

Sonra layihənin iştirakçıları - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini Ju Yinquan, “Univation Technologies” şirkətinin prezidenti Stiv Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru Fabyen Lundi, “Technip EMİA” şirkətinin prezidenti Marko Villa, “China Huanqiu Contracting&Engineering; Corporation” - HQC şirkətinin icraçı vitse-prezidenti Janq Laiyonq, “Fluor” şirkətinin vitse-prezidenti və mühəndislik və tikinti üzrə baş regional meneceri Mark van Heyningen çıxış ediblər.

Bildirilib ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırılır. “SOCAR GPC” layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır.

Yeni layihə şərçivəsində illik istehsal gücü 10 mlrd. m3 olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılıb. “SOCAR GPC” layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Müqavilələri SOCAR tərəfdən şirkətin prezidenti Rövnəq Abdullayev, qarşı tərəflərdən - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini Ju Yinquan, “Univation Technologies” şirkətinin prezidenti Stiv Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru Fabyen Lundi, “Technip EMİA” şirkətinin prezidenti Marko Villa imzalayıblar.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Fransanın Azərbaycandakı səfiri Aurelia Bouchez, İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo və Çinin Azərbaycandakı səfiri Hong Jiuyin iştirak ediblər. 

Gürcüstanın Acarıstan ərazisindəki magistral qaz kəmərindəki qəzanın nəticələri tam aradan qaldırılıb

Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində yaranmış problem tam aradan qaldırılıb. Qəza nəticəsində Batumi və Xelvaçauri bölgələrində “mavi yanacaq"sız qalmış 50 minə yaxın abonentin hamısına təbii qazın verilməsi bərpa olunub.

Bu fikirləri “Report”a “SOCAR Georgia Gas” şirkətinin Batumi üzrə nümayəndəsi David Likişvili söyləyib.

Onun sözlərinə görə, texniki səbəblərdən baş vermiş qəzanın nəticələri tam aradan qaldırlıb, magistral kəmər qazla doldurulub, abonentlərin hamısına təbii qazın verilməsi bərpa olunub.

Qeyd edək ki, dekabrın 15-dən 16-na keçən gecə Acarıstan ərazisində magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş vermişdi. Nəticədə Batumi və Xelvaçauri bölgələrində 50 minə yaxın abonentin qaz təchizatı dayandırılmışdı.

Bakı dünyanın əsas turizm mərkəzlərindən birinə çevriləcək

Bakını dünyanın əsas turizm mərkəzlərindən birinə çevirmək üçün atılacaq addımlar açıqlanıb.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə əksini tapıb.

Milli Turizm Təbliğat Bürosu ilk növbədə Bakı şəhərinə daha çox turist cəlb etmək üçün onlayn məlumat platforması yaradacaq və onu işçi heyət ilə təmin edəcək. Turizmlə bağlı düzgün qərarların verilməsi məqsədilə məlumatların toplanması üçün onlayn alətlərdən istifadənin artmasını nəzərə alaraq, işçi heyət Bakı və əsas onlayn səyahət və məlumat platformaları (məsələn, "Trip Advisor", "Four Square", "Lonely Planet" və s.) ilə əlaqədar lazımi məlumatların (məsələn, şəkil, şərh, təlimatlar və s.) prioritet hesab olunan ingilis, rus, türk, ərəb, fars və digər dillərdə tərtib olunmasını təmin edəcək. Bakı şəhərinə gələn və oradan regionlara səfər edən turistlərin məlumatlılığının artırılması üçün bir sıra tədbirlərin görülməsi Bakı və Qəbələdəki hava limanları prioritetləşdirilməklə orada yerləşən turizm məlumat ofislərinin fəaliyyət dairəsi genişləndiriləcək və sayı artırılacaq.

Turizm məlumat ofisləri Büro ilə əməkdaşlıq çərçivəsində və onun vəsaitlərindən istifadə edərək turistlər üçün Bakı və ətraf ərazilərlə bağlı (4 saatlıq məsafə) ingilis, fars, ərəb, türk və rus dillərində olan broşür və məlumat materialları nəşr edəcək və avtobus dayanacaqları, metro stansiyaları və hava limanlarında bu materialların paylanmasını təmin edəcək. Bu ofislərdə hazırda Azərbaycan dilində mövcud olan xəritə və ictimai nəqliyyata dair məlumat materialları da həmin dillərdə hazırlanaraq nəşr ediləcək. Turistlərin Bakı şəhərinə səfərlərini öz istəklərinə uyğun planlaşdırmaları və şəhərdə təklif edilən bütün imkanlardan tam aydalanmaları üçün bu materiallar, həmçinin mehmanxanalara, ticarət mərkəzlərinə, mühüm turizm məkanlarına və digər yerlərə də təklif ediləcək.

Bakı şəhərinin mühüm turizm sahələrinin cəlbediciliyini daha da artırmaq məqsədilə ölkə ərazisinə daxil olduqları zaman hava limanlarında və vağzallarda turistlərə muzeylərə aid həm vauçerlər, həm də endirimli biletlər təklif ediləcək. Bakıda şəhər gəzintisi təşkil edən şəhər turu nəqliyyat xidmətləri də vaxt, səmərəlilik və əhatə dairəsi baxımından təkmilləşdiriləcək və bu xidmətlər təcrübəli tur bələdçiləri, eləcə də rus və ingilis dillərində səsləndirilən audio yazılar da əlavə edilməklə zənginləşdiriləcək. Bakının ətraf qəsəbələrindəki "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Qobustan" dövlət tarixi-bədii qoruğu və palçıq vulkanları kimi turizm məkanları da bu avtobusların əhatə dairəsinə daxil ediləcək.

Büro işlərini xarici və yerli turoperatorlar ilə əlaqələndirərək Novruz bayramı ərəfəsində yerləşdirmə vasitələri və təyyarə biletlərini əhatə edən turist xidmət paketlərinin hazırlanmasını təşviq edəcək. Bundan əlavə, Azərbaycanın, əsasən də Bakının Novruz bayramı ərəfəsində cəlbediciliyini artırmaq məqsədilə çərşənbə axşamlarında və bayram zamanı açıq havaaltında festivallar, Azərbaycan və regiondakı qonşu ölkələrdən folklor musiqi ifaları və Novruz süfrələri ətrafında fəaliyyətlər təşkil ediləcək və həmin tədbirlərdə iştirak da bu paketlərə əlavə ediləcək. Mədəniyyət və Turizm Nazirliyi dövlət və özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edərək Bakı turizm tədbirləri təqviminə uyğun olaraq, ticarət festivalını təşkil edəcək. Bu tədbirlərə pərakəndə ticarət, bədii tamaşalar, paradlar, Naftalan nefti və Naxçıvan Muxtar Respublikasının duz dağı ilə bağlı seminarların təşkili kimi digər turizm tədbirləri də daxil ediləcək. Festivalda sənətkarların hazırladığı mis məmulatlar kimi Azərbaycan məhsullarının təklifinə də xüsusi önəm veriləcəkdir.

Bu prioritetin tətbiqinin 2020-ci ildə real ÜDM-in artımına birbaşa 30 milyon manat, dolayı şəkildə 20 milyon manat olmaqla, ümumilikdə 50 milyon manat təsir edəcəyi, eləcə də 2020-ci ildə ümumilikdə 8500 olmaqla, bilavasitə turizm sektorunda 6100 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Bakıda mehmanxanalarda və mehmanxanatipli müəssisələrdə yerləşdirilmiş xarici turistlərin sayının 2015-ci il üzrə hesablanmış 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artacaq. Ümumi daxili məhsulun, əsasən ölkədə daha uzun müddət qalan turistlərin istirahət və əlavə yerləşmə vasitələrinə xərclədikləri vəsaitdən yaranacağı ehtimal olunur. Gündəlik xərclərin real şərtlər üzrə hər bir şəxs üçün 195 manat qalacağı ehtimal olunur.

Bu nəticəyə nail olmaq üçün, yəni turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması, turist xidmət paketlərinin hazırlanması və festivalların keçirilməsi məqsədilə 15 milyon manat birdəfəlik investisiya tələb edilir. Hədəf ölkələrdən Bakıya gələn turist sayındakı potensial artım nəzərə alınmaqla, bu prioritetin 2020-ci ildə 150 milyon manat birbaşa, 80 milyon manat dolayı olmaqla, ümumilikdə real ÜDM-də 230 milyon manat artıma səbəb olacağı proqnozlaşdırılır. Bu təsirə ailə səfərləri üzrə turistlərin gəlişi daxil deyil. Eyni zamanda turistlərin sayındakı artımın 2020-ci ildə ümumilikdə 16000 olmaqla, bilavasitə turizm sektorunda 11500 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

Manat lariyə qarşı 1% bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.


AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 13-ü ilə müqayisədə 0,26% artaraq 1,7475 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,8590 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,35% bahalaşaraq 0,0287 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 0,14% zəifləyərək 0,5007 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2116 manatdır. Beləliklə, funt sterlinqin 0,12%-lik bahalaşması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,68% geriləyərək 0,6570 manat olub.

"Marneuli 500" yarımstansiyasının açılışı olub

alt

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonundan "Marneuli 500" adlı elektrik yarımstansiyasının açılış mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yarımstansiyanın böyük əhəmiyyətə malik olduğunu bildirib: "Bu yarımstansiya yerli sahibkarlıq subyektləri üçün, xüsusilə emal müəssisələrinin tikintisi üçün vacib bir obyektdir. "Marneuli 500" "Regional enerji təchizatının yaxşılaşdırılması" layihəsi çərçivəsində həyata keçirilib. Bu investisiya layihəsi ölkəmizin enerji təhlükəsizliyini yaxşılaşdıracaq".

Gürcüstanın energetika naziri Kaxa Kaladze APA-ya açıqlamasında yeni istifadəyə verilən yarımstansiya qonşu ölkələr arasında idxal, ixrac və tranzit üçün əsas enerji təsislərindən biri olacağını bildirib: "Bu yarımstansiyaya Azərbaycandan və digər qonşu ölkələrdən elektrik enerjisi nəql olunur və burdan Tiflisə nəql olunacaq, ehtiyac olduğu halda isə Türkiyəyə də ixrac olunacaq. Bundan başqa, biz ölkə üzrə əsas enerji sistemini modernləşdirmək istəyirik. Bunun işlərin həyata keçirilməsi üçün 735 mln. avronun ayrılması təsdiqlənib. İşlər 2017-2027-ci illəri əhatə edəcək".

Gürcüstanın "Dövlət Elektrik İdarə Edilməsi Sisteminin sədri Sulxan Zumburidze isə qeyd edib ki, "Marneuli 500" yarımstansiyasının tikintisinə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşıb və layihəyə 20 mln. dollar xərclənib.

Gürcüstanın Neft və Qaz Korporasiyasının səhmlərinin alışında SOCAR-ın əsas rəqibi "Qazprom"dur

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Neft və Qaz Korporasiyasının səhmlərinin 25%-nin satışa çıxarılacağını elan etməsi Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub. Ermənistanın narahatlığına səbəb olan odur ki, Gürcüstandan Ermənistana qaz nəql edən magistral kəmərin sahibi olan korporasiyanın səhmlərinin potensial alıcı qismində SOCAR və "Qazprom" şirkətləri çıxış edir. Məhz SOCAR-ın alışa maraq göstərməsi rəsmi Yerevanı narahat edir. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazır.

Ermənistanın narahatlığını dərinləşdirən məqamlardan biri də odur ki, qonşu ölkənin vətəndaş cəmiyyəti Gürcüstanın dövlət şirkətinin səhmlərinin Rusiya nəhənginə satılmasının yolverilməz olduğuna işarə edir. Belə olan halda, potensial alıcı qismində yalnız SOCAR çıxış edə bilər, "Qazprom"un iştirakı isə formallıqdan başqa bir şey deyil.

"Yanvar ayında Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Millerlə Ermənistana tranzit olunan qaza görə tariflərin artırılması və əlavə həcmdə qazın alışına dair danışıqlar aparması cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. Nəticədə, hökumət işğalçı tərəflə işbirliyi etməkdə günahlandırıldı. Məntiqi sonluq kimi, Gürcüstan Azərbaycandan əlavə həcmdə qaz almağa başladı", - deyə qəzet xatırladır.

Hakim "Gürcü arzusu" partiyasının üzvü Revaz Arveladze isə deyir ki, korporasiyanın səhmlərinin 25%-nin "Qazprom"a satılması cəmiyyətin narazılığına səbəb olmayacaq: "Hökumət səhmləri daha əlverişli təklif verən şirkətə satacaq. Digər tərəfdən, biz magistral qaz kəmərini satışa çıxarmırıq. Unutmayın ki, 2005-ci ildə Saakaşvili bu kəməri "Qazprom"a satmaq istəyirdi, lakin ciddi narazılıqlar və ABŞ-ın məsələyə qarışması nəticəsində əqdi bağlamaq mümkün olmadı".

Ekspert Giya Xuxaşvili isə bildirir ki, hansısa şirkət tərəfindən korporasiyanın səhmlərinin 25%-nin alınması ona şirkətin fəaliyyətinə nəzarət etməyi imkan vermir: "SOCAR beynəlxalq səviyyədə tanınan şirkətdir və öz reputasiyasına böyük önəm verir. Söhbət beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərən şirkətdən gedir. Ermənistan mətbuatının təşvişini anlayıram, lakin onları əmin etmək istəyirəm ki, səhmlərin satışı Ermənistana qaz nəqlinə təsir etməyəcək".

Nazir: “Azərbaycanın yaradıcı sənayenin inkişafı ilə bağlı təcrübəsi Gürcüstan üçün maraqlıdır”

“Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük əhəmiyyət verilir. Bu forumda azərbaycanlı həmkarımla fikir mübadiləsi aparmaq, Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze bildirib.

Nazir deyib ki, Azərbaycanın mədəniyyət nazirinin Tbilisidə keçirilən “Gürcüstan üçün yol xəritəsi: İnnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı forumda iştirakı strateji tərəfdaş olan iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Onun sözlərinə görə, forumda yaradıcı sənayenin inkişaf perspektivləri əsas müzakirə mövzusu olub: "Kreativ ideyalar, yaradıcı sənaye, mədəniyyətin şaxələndirilməsi sosial-iqtisadi əlaqələrin, turizmin inkişafında mühüm rol oynayır. Azərbaycan da bu sahədə xeyli uğurlar əldə edib. Forumda, eləcə də ikitərəfli görüşlərdə biz bu və digər məsələləri müzakirə etdik”.

Tbilisidə enerji layihələrinin və infrastrukturunun təhlükəsizliyinə həsr olunan beynəlxalq konfrans keçirilir

alt

Dekabrın 5-də Tbilisidə NATO-nun, Gürcüstanın İlya Universitetinin və Litva Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə enerji layihələrinin, infrastrukturlarının təhlükəsizliyinə və perspektivlərinə həsr olunan beynəlxalq konfrans işə başlayıb.

Enerji layihələrinin təhlükəsizliyinin elmi əsaslarının müzakirə olunduğu tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, eləcə də NATO-ya üzv ölkələrin ekspertləri, müvafiq strukturlarının rəhbərləri iştirak edirlər.

Konfransda Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Bakı Dövlət Universitetinin və “SOCAR Corgia Gas” şirkətinin nümayəndələri təmsil edirlər.

SAM-ın əməkdaşı Gülmirə Rzayeva konfransda çıxış edərək Azərbaycan qazının Türkiyəyə və Avropaya maneəsiz çatdırılması barədə danışıb və təhlükəsizlik məsələləri ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə Azərbaycandan ixrac olunacaq 16 milyard kubmetr qazın 6 milyardı Türkiyənin, qalanı isə İtaliyadan keçməklə digər Avropa ölkələrinin tələbatının müəyyən hissəsini ödəməyə imkan yaradacaq.

Qeyd edilib ki, dünyada və regionda maliyyə böhranının yaşanmasına baxmayaraq, “Cənub” qaz dəhlizinin maliyyələşməsi ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Azərbaycan maliyyə resurslarından uğurla istifadə etməklə bu işin də öhdəsindən gəlir. “Şahdəniz” layihəsi ilə yanaşı, digər yataqların da işlənilməsi qarşıya qoyulan məqsədlərə nail olmaqla, “Cənub” qaz dəhlizinin əhəmiyyətini daha da artıracaq.

Bakı Dövlət Universitetinin professoru Bəxtiyar Aslanbəylinin moderatorluğu ilə keçirilən panel iclasında da enerji daşıyıcılarının təhlükəsizliyi diqqət mərkəzində olub.

“SOCAR Gas Export-Import” şirkətinin direktor müavini Temur Caparidze çıxış edərək “Şahdəniz-2” layihəsinin perspektivlərindən danışıb. Bildirilib ki, bu layihə təkcə Azərbaycanın, Gürcüstanın və Türkiyənin deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O, “Cənub” qaz dəhlizinin tikintisi ilə əlaqədar Azərbaycan və Gürcüstan ərazilərində görülən işlərdən danışıb, layihə ilə bağlı lazımi maliyyə vəsaitinin ayrıldığını diqqətə çatdırıb. Eyni zamanda, TANAP və TAP-la əlaqədar görülən işlərdən söhbət açıb.

Bildirilib ki, ümumiyyətlə “Şahdəniz-2” layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. İlkin mərhələdə bu layihə çərçivəsində 16 milyard kubmetr təbii qaz nəql olunacaq. Bunun 6 milyardı Türkiyənin ehtiyaclarının ödənilməsinə sərf olunacaq, qalanı isə İtaliya və digər Avropa ölkələrinə çatdırılacaq. Layihənin tam gücü ilə işləməsi 2020-ci ildə nəzərdə tutulub. Əlavə resurslar əldə olunduqdan və işlənildikdən sonra bu dəhliz ilə təbii qazın nəqlinin həcmi 30 milyard kubmetrə çatdırıla bilər. Bu layihənin tam reallaşdırılması üçün 28 milyard dollar investisiya nəzərdə tutulub və bunun da 15 milyardı artıq istifadə edilib.

Sonra məruzə ətrafında çıxışlar olub. T.Caparidze iştirakçıların suallarını cavablandırıb.

Konfrans işini sabah davam etdirəcək.

SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərini almağı düşünür?

“Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i rəsmi qaydada satışa çıxarılarsa, biz bu məsələyə baxa bilərik”.

Bu barədə “SOCAR-Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib.

“Bizdə olan ilkin məlumata görə, Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i satışa çıxarılır. Korporasiyanın fəaliyyət dairəsinə həm Gürcüstanın bütün resursları, həm də qaz kəmərləri daxildir.

Bu barədə hələlik şifahi söhbətlər var. Heç bir rəsmi addım atılmayıb. Rəsmi şəkildə addım atılarsa, biz bu məsələyə baxmağa hazırıq”, - deyə baş direktor qeyd edib.

Xatırladaq ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i satışa çıxarıla bilər.

Gürcüstanda benzinin qiyməti qalxacaq - Yanvarın 1-dən

alt

Gürcüstanda yanacaq qiymətləri qalxacaq. Belə ki, yeni ildən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması qiymətlərin də artmasına gətirib çıxaracaq.

Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, benzinin qiyməti orta hesabla 0,20-0,25 lari (0,08 – 0,1 dollar) artacaq.

Ölkənin Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bildirib ki, aksiz dərəcəsi 1 ton benzin üçün 250 laridən 500 lariyə (100-200 dollar) qalxacaq. Dizel üçün bu artım 1 ton üçün 150 laridən 400-ə qədər olacaq.

Kaxa Kaladze: “Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstana təbii qazın əsas hissəsi bu ölkədən idxal olunur".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze deputatların iştirak etdiyi iclasda bildirib.

Onun sözlərinə görə, fevral ayında Azərbaycanla qaz idxalına dair vacib sənədlər imzalanıb.

"Vahid Milli Hərəkat" partiyasının deputatı Roman Qotsiridzenin sualını cavablandıran nazir "Qazprom"la yenə danışıqların aparılacağını da istisna etməyib: "Biz "Qazprom"la ölkəmizin maraqları üçün danışıqlar aparmışıq. Bu şirkətlə keçiriləcək danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik".

Qeyd edək ki, Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları 2016-cı ilin aprelində başa çatıb və əvvəlki öhdəliklər yenə də qüvvədə qalır. Müqaviləyə görə, Gürcüstan Ermənistana təbii qazın tranziti müqabilində ötürülən qazın 10 faizini alacaq.

Saytda Axtarış

Son xəbərlər