Birləşmiş Ərəb Əmirlikləri ilə Gürcüstan arasında 6 milyard dollarlıq memorandum imzalanıb
Əbu-Dabidə Gürcüstanda misilsiz – 6 milyard ABŞ dolları həcmində sərmayənin həyata keçirilməsini nəzərdə tutan memorandum imzalanıb.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, çoxfunksiyalı infrastruktur layihəsi Gürcüstan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək:
“Biz Birləşmiş Ərəb Əmirliklərində çox maraqlı görüşlər keçirdik. İlk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, Əbu-Dabinin rəhbəri ilə görüşdük. Bundan əlavə, nazirlərlə, hökumət üzvləri ilə çox mühüm görüşlərimiz oldu. Ölkələr arasında əlaqələrin müxtəlif aspektlərini, siyasi əməkdaşlığı müzakirə etdik. İqtisadi layihələr barəsində geniş fikir mübadiləsi apardıq. İki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirə biləcəyimiz konkret və çox maraqlı istiqamətlər müəyyən edildi.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün ölkəmizdə misilsiz sərmayənin həyata keçirilməsini nəzərdə tutan bir memoranduma imza atdıq. Bu, Gürcüstanda həyata keçiriləcək 6 milyard ABŞ dolları həcmində bir sərmayədir. Bu sərmayəni investisiya sahəsində böyük təcrübəyə malik olan tanınmış EMAAR qrupu həyata keçirəcək.
Bu, çoxfunksiyalı inkişaf layihəsidir. Tbilisidə, digər tərəfdən isə Batumidə və Qonioda çoxfunksiyalı infrastruktur inkişaf etdiriləcək. Təbii ki, bütün bunlar ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcək, iqtisadi artım tempini daha da sürətləndirəcək, yeni iş yerləri yaradılacaq və bu, digər investorların da ölkəmizə cəlb olunmasına daha çox şərait yaradacaq” , – deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze və onu müşayiət edən nümayəndə heyəti artıq iki gündür Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.