Bakıda səfərdə olan baş nazir deyib: “Müxalifət küçədə uğur qazana bilməyəcək”

“Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir.

Bunu Bakıda səfərdə olan Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın vaxtlarda MSK-da seçkilərin nəticələrinə yekun vurulacaq:

“4 il əvvəl müxalifətin eyni cəhdi olub və onlar müəyyən uğur qazanıblar, çünki biz o vaxt kənar müdaxilələr nəticəsində danışıqlara getməyə, 19 aprel sazişini imzalamağa məcbur olmuşuq, indi onların resursları belə yoxdur. Ona görə də proseslər çox rahat şəkildə həyata keçiriləcək. Yaxın vaxtlarda MSK-da seçkilərin nəticələrinə yekun vurulacaq, daha sonra ayın sonuna kimi parlamentin ilk iclası keçiriləcək və bundan sonra bir neçə günə hökumətin yeni tərkibi təsdiqlənəcək. Çox güman ki, ayın sonuna kimi bütün bunlar baş tutacaq, Proseslər çox rəvan davam edəcək. İctimai dəstək iqtidarın, iqtidar komandasının tərəfindədir, müxalifətin tərəfində isə praktiki olaraq dəstək sıfırdır, əsas olan budur. Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir”.

O həmçinin qeyd edib ki, Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq:

“Həm Aİ, həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulmasına ehtiyacımız var. Biz münasibətlərin bərpasını üç məsələ ilə əlaqələndirirdik – bunlardan birincisi, Gürcüstandakı seçkilər, İkincisi ABŞ-da seçkilər, üçüncüsü isə Ukraynada müharibənin başa çatması idi. Artıq iki seçki başa çatıb və bütün bunlar münasibətlərin bərpasına kömək edəcək. Üçüncü mövzuya, Ukraynada müharibənin bitməsinə gəlincə, biz düşünürük ki, müharibə çox tezliklə bitəcək. Ona görə də çox tezliklə hər iki istiqamətdə münasibətlərin keyfiyyətcə yaxşılaşdırılması üçün bütün şərait yaradılacaq”,- deyə Kobaxidze qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey