Hakim “Gürcü Arzusu” partiyası Tbilisidə 100 minlik “cavab mitinqi” keçirib
Tbilisidə hakim “Gürcü Arzusu” partiyasının təşkilatçılığı ilə genişmiqyaslı “Ümumxalq mitinqi” keçirilib.
24News.ge xəbər verir ki, parlament binasının qarşısında təşkil edilmiş mitinqdə hakim partiyanın 100 mindən çox tərəfdarının iştirak etdiyi təxmin edilir.
Mitinqdə iştirak etməsi üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib. Mitinq səbəbilə Rustaveli prospektində, Azadlıq meydanında, eləcə də bir sıra ətraf küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Mitinqdə çıxış edən “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib ki, müəyyən qüvvələr ölkəyə bəla gətirən insanları hakimiyyətə qaytarmaq cəhdindən əl çəkmir – gürcü xalqı buna imkan verməyəcək. O deyib ki, bu, (“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi) sadəcə iki qanunun qəbulu uğrunda mübarizə deyil, bu, suverenliyin qorunması uğrunda mübarizədir.
Hakim partiya rəsmilərinin daha əvvəlki bəyanatlarında Tbilisidə 2 həftədən çoxdur davam edən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyi bəyan edilib. Partiya qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün özü parlament binasının qarşısında mitinq təşkil edib.
Bundan əlavə, yığıncaqda “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili qanunverici orqana toplaşan vətəndaşlara müraciət edəcək.
Qeyd edək ki, ötən günlərlə müqayisədə mitinq iştirakçılarının böyük əksəriyyətini orta yaşlı və yaşlı insanların təşkil etdiyi müşahidə edilir. Mitinq iştirakçıları əraziyə yalnız Gürcüstan bayraqları ilə gəliblər. Mitinqə cavab olaraq Rustaveli prospektində yerləşən ofislərdən birinin eyvanına səsgücləndiricilər yerləşdirilib və Avropa İttifaqının himni səsləndirilib.