Yuxarı Saral kəndində yeni inşa olunan Məscidin açılışı olub

Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində yeni inşa olunan İmam Zaman (ə) adına Məscidin açılış mərasimi baş tutub.

24News.ge xəbər verir ki, mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, millət vəkili Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri, Azərbaycan, Türkiyə və İranın ölkəmizdəki səfirliyinin əməkdaşları, din və ictimaiyyət xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.

Müqəddəs Qurani-Kərimdən ayələrin tilavət ilə başlayan mərasimdə bir sıra qonaqlar çıxışlar ediblər.

İlk öncə çıxış edən məscidin axundu seyyid Mirağa Mustafayev qonaqları kənd sakinləri adından salamlayıb və məscidin tarixi barədə məlumatlar verib.

Daha sonra söz alan şeyx Hacı Ramin İgidov, məscidin əhəmiyyəti, məscid inşa etmənin fəziləti və ilk olaraq 1998-ci ildə inşa edilən həmin məscidin tarixçəsi və təşəbbüskarı haqqında danışıb.

Bildirilib ki, 1998-ci ildə Yuxarı Saral kəndində ilk məscid də, xeyriyyəçi Rəhim Hüseynovun maddi vəasiti hesabına inşa olunub.

Şeyx, həmçinin son illərdə Gürcüstanda yeni inşa olunan məscidlər, aparılan bərpa və təmir işləri, məscidlərin xalça və səsgücləndiricilərlə təmin olunması haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Gürcüstanda olan məscidlər haqqında 460 səhifəlik iri həcmdə şəkilli kataloq hazırlanıb. Həmin 3 hissədən ibarət albomda 70 tarixi, 303 istifadədə olan məscid və 44 mövsümi ibadət məkanları olmaqla ümumilikdə 417 məscid və ibadət evi yer alıb.

Daha sonra çıxış edən digər natiqlər kənd sakinlərini təbrik edib, xeyirxah kənd sakini olan iş adamı Hüseynov Rəhim Həsən oğluna gördüyü müqəddəs əməldən dolayı təşəkkür ediblər.

Mərasimdə Rəhim Hüseynova Quran-Kərim və xatirə olaraq hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Hüseynov Rəhim Həsən oğlunun maddi vəsaiti hesabına inşa olunan yeni məscid kompleksi, şərq memarlıq üslubuna aiddir. Məsciddə günbəz və minarələr, həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da inşa edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey