İlham Əliyev və Şarl Mişel arasında görüş olub

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey