Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş olub

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli həmkarlar, dostlar.

İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə həqiqətən az iş görülməyib.

Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.
Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır.

Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev: Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, – bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, – bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.
Ermənistanın baş naziri Nikol Paşinyan: Vladimir Vladimiroviç, icazə verin, əvvəlcə dəvətə, bu görüşün təşkilinə görə Sizə təşəkkür edim. Bugünkü görüşün gündəliyinə keçməzdən əvvəl icazə verin, Kuzbasda çoxsaylı insanın həlak olması ilə nəticələnmiş partlayışla əlaqədar öz adımdan, erməni xalqı adından Sizə başsağlığı verim. Həlak olmuş şaxtaçıların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Nikol Paşinyan: Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.

Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdınız. Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.
Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun.
Prezident Vladimir Putin: Mənə belə gəlir ki, sizin indicə dedikləriniz – həm Azərbaycan Prezidenti tərəfindən, həm də Ermənistanın baş naziri tərəfindən deyilənlər, əslində, çox vacibdir. Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, – biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, – hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey