Dövlət naziri: “Gürcüstan bölgədə münaqişələrin həlli üçün sülh platforması rolunu oynamağa hazırdır”

“Gürcüstan bölgədə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.

O deyib ki, Gürcüstan bölgədə münaqişələrin həlli üçün sülh platforması rolunu oynaya bilər və buna tam hazırdır.

K.Tsixelaşvili tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri”nin Gürcüstanın işğal altında olan Tsxinval bölgəsinə səfərini də şərh edib: “Bu cür səfərlər ilk dəfə deyil ki, baş verir. Tsxinval və Suxuminin digər münaqişə bölgələri ilə münasibətləri var və bu əlaqələr qanunsuz və yolverilməzdir. Səfərlər zamanı səsləndirilən fikirləri hər hansı bir kontekstdə şərh etməyə də dəyməz”.

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Masis Mailyan ötən gün separatçı “Cənubi Osetiya Respublikası”na səfər edib. Səfər çərçivəsində M.Mailyan işğlaçı Tsxinval rejiminin lideri Anatoli Bibilovla görüşüb. A.Bibilov görüşdən sonra bildirib ki, Tsxinvalda yerləşən küçələrdən birində “erməni və osetin xalqlarının dostluğu”nun simvolu olacaq xaçkar quraşdırılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey