Marneulidə təntənəli Zəfər Günü qeyd olunub
Bu gün, 6 noyabr tarixində Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
24News.ge xəbər verir ki, bayram tədbiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Baş tutan bayram tədbirində ictimaiyyət adamları, yerli sakinlər, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GAİM-in icraçı direktoru Orxan Pirverdiyev tədbirdə çıxış edərək bu günün mahiyyəti barədə və İkinci Qarabağ müharibəsinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların hər bir zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında olduğunu qeyd edib.
Orxan Pirverdiyev belə bir bayram sevincini tezliklə doğma vətən Gürcüstana da arzu edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, 30 il ərzində bir çox insanların yenidən Qarabağa qayıtmaq ümidinin itdiyini, lakin Azərbaycanın rəşadətli ordusu və Azərbaycan xalqının Prezident İlham Əliyev ətrafında sıx birləşməsi nəticəsində öz tarixi torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
O, Gürcüstanla Azərbaycanın dost, qardaş ölkələr olaraq birgə addımladığını və tezliklə Gürcüstanın da öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbirdə bir sıra yerli ziyalılar çıxış edərək bu günlərin dünya azərbaycanlıları üçün sevinc və fərəh günü olduğunu qeyd ediblər.
Zəfər Gününə həsr olunan bayram tədbiri, milli musiqilər və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.