Paytaxt Tbilisidə Zəfər Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib

Paytaxt Tbilisidə Azərbaycanın diplomatik nümayəndəliyində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib.

24News.ge xəbər verir ki, tədbirdə xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, eləcə də diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, Gürcüstan və Azərbaycan parlamentinin üzvləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən tədbirin aparıcıları 44 günlük Vətən müharibəsinin başlması və 9 noyabr bəyannaməsinin imzalanması barədə qonaqlara məlumatlar veriblər.

Daha sonra mərasimdə çıxış edən səfir Faiq Quliyev bildirib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsini yerinə yetirib.
Səfir müharibə zamanı Azərbaycana göstərdiyi həmrəylik və mənəvi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına, Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib.

Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, Azərbaycan Prezidentinin Gürcüstana və onun xalqına böyük hörmət bəslədiyini və ötən illər ərzində iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib və arzu edib ki, Gürcüstan da ərazi bütövlüyünü tez bir zamanda bərpa etsin və zəfər bayramları dost ölkədə də qeyd olunsun.

Rəsmi qəbul mərasimində səfirliyin hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov çıxış edərək qeyd edib ki, uğurla həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan sülhə və kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey