Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyi elan edilən bina təmir ediləcək
Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyi elan edilən, hazırkı Gənclər Sarayının binasının əsaslı şəkildə bərpasına başlanılır.
Bunu şəhər meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərini Tbilisi İnkişaf Fondu həyata keçirəcək.
Mer binanın yaxşı vəziyyətdə olmadığını və bərpa işlərinin bir neçə il davam edəcəyini deyib.
K.Kaladze qeyd edib ki, tikili mədəni irs nümunəsidir və bütün işlər xüsusi diqqətlə aparılacaq:
“Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 700 000 lari təşkil edəcək. İşlər 2023-cü ilin iyun ayınadək davam etdiriləcək. Binanın fasadı, interyeri, dam örtüyü və həyəti də yenilənəcək”.
Qeyd edək ki, binada təmir-bərpa işləri ilə bağlı tender ötən ilin martında elan olunub. İşlərin 2021-ci ildə yekunlaşdırılacağı bildirilsə də, pandemiya səbəbindən müddət təxirə salınıb.