Zaur Darğallı İkinci Kosalıya gəldi – Əhalinin etirazı davam edir
Marneuli rayonunun İkinci Kosalı kənd sakinlərinin etiraz aksiyası davam edir.
24News.ge xəbər verir ki, Marneuli-Qardabani majoritar dariəsi üzrə deputat Zaur Darğallı kəndə gələrək əhali ilə görüşüb.
Etirazçılar uzun illərdir istifadə etdikləri əkin sahələrini tərk etməyəcəklərini və hazırda torpaqların əkilməsi prosesini həyata keçirən traktoru əkin sahələrindən çıxarmayacaqlarını bildiriblər. Əhali həmçinin istifadə etdiyi ifadələrə görə keşişin gəlib onlardan üzr istəmələrini tələb edir.
Hazırda etiraz aksiyasının davam etdiyi kəndə polis əməkdaşları da gəliblər.
Sakinlərin sözlərinə görə, parlamentdə kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahələrinin kilsəyə verilməsi ilə bağlı qanun çıxarılandan sonra bu kimi problemlər yaşanmağa başlayıb.
Onlar deyir ki, artıq bir neçə dəfədir din xadimləri gələrək əkib becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu deyir və bu səbəbdən icarə tələb edirlər.
Kənd sakinləri bildirirlər ki, dünən baş vermiş mübahisə zamanı keşişlər kəndlilərin burada torpaqlarının olmadığı deyərək onları təhqir ediblər. Buna görə də onlar kəndə gələrək sakinlərdən üzr istəməlidilər.