20 Yanvar faciəsindən 31 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.
Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Bu il Azərbaycan xalqı Qanlı Yanvarın şəhidlərinin ruhunu qalib xalq kimi anır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey