Bölgələrdə Ulu Öndərin xatirəsi ehtiramla yad olunub

Ümummilli lider Heydər Əliyevi hər kəs XX əsrin ictimai-siyasi fenomeni kimi qəbul edir. Heydər Əliyev görkəmli siyasətçi olmaqla yanaşı, əsl azərbaycanlı, böyük vətənpərvər idi. Ulu Öndərin yeganə amalı Azərbaycanı müstəqil görmək, onun iqtisadiyyatını, sənayesini, mədəniyyətini inkişaf etdirmək və dünyaya tanıtmaqdan ibarət olub.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, bu fikirlər İsmayıllıda Ulu Öndərin anım günündə səsləndirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanının rəhbərləri və fəallar dekabrın 12-də ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib. Ümummilli Liderin xalqı qarşısındakı xidmətləri bir daha xatırlanaraq diqqətə çatdırılıb ki, məhz onun ideyaları Azərbaycanı müxtəlif dövrlərdə bütün bəlalardan xilas edib, irəli aparıb. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkədə böyük iqtisadi-siyasi potensial yaranıb. Heydər Əliyev həm də Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyasını yaradıb. Milli ideologiyamızın da əsas tərkib hissəsini azərbaycançılıq və dövlətçilik təşkil edir. Böyük Öndər özündən sonra Azərbaycanın idarə olunmasını, xalqımızın taleyini özü qədər inandığı İlham Əliyevə tapşırıb. Bugünkü inkişafımız, sabitlik və tərəqqi məhz Ulu Öndərin dəsti-xəttidir. Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirir. Bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz yeni bir tarix yazdı. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır. Torpaqlarımız düşmən tapdağından azad edildi və həmin torpaqlarda bayrağımız ucaldıldı. Müzəffər Ali Baş Komandan Şuşa şəhərinin azad olunduğu gün xalqa müraciətində demişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
2003-cü ilin dekabrın 12-də Heydər Əliyev vəfat etmişdir. Lakin Heydər Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində böyük öndərin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səsləndirilib. Mərkəzdə Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib. İcra başçısı “Xatirə kitabı”na ürək sözlərini yazıb. Gün ərzində Ulu Öndərin əziz xatirəsi idarə və təşkilatlarda da anılıb. Keçirilən tədbirlər karantin qaydalarına uyğun təşkil olunub.

x x x

Ümummilli lider Heydər Əliyevin xatirəsi Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş rayonlarında da anılıb. Hər yerdə Ulu Öndərin abidəsi ziyarət olunub, heykəlin önünə çiçəklər düzülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey