Çempionlar Liqasının 1/8 final mərhələsi: “Roma” “Portu”ya, PSJ “Mançester Yunayted”ə qalib gəlib
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
“Report”un məlumatına görə, ilk 2 oyun İtaliya və İngiltərədə təşkil olunub.
“Roma” Portuqaliya “Portu”su ilə görüşdə qələbə qazanıb. “Mançester Yunayted” isə Fransa PSJ-sinə uduzub.
Hər iki qarşılaşmada qollar fasilədən sonra 10 dəqiqə ərzində vurulub. Nikolo Zanyolo 70 və 76-cı dəqiqələrdə “dubl” edərək, “Roma”nın üstünlüyünü təmin edib. “Portu”dan isə təsəlli qolunu 79-cu dəqiqədə Adrian vurub.
PSJ isə 53-cü dəqiqədə Presnel Kimpembe və 60-cı dəqiqədə Kilian Mbappenin qolları ilə yekun nəticəni təmin edib. Üstəlik, 89-cu dəqiqədə Pol Poqba qırmızı vərəqə alaraq, “Mançester Yunayted”i 6 martda keçiriləcək cavab görüşündə çətin durumda qoyub.
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
12 fevral
24:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya) – 2:1
Qollar: Nikolo Zanyolo, 70; 76 – Adrian, 79
Baş hakim: Danni Makkelli (Hollandiya)
24:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) – 0:2
Qollar: Presnel Kimpembe, 53; Kilian Mbappe, 60
Qırmızı vərəqə: Pol Poqba, 89 (“Mançester Yunayted”)
Baş hakim: Daniele Orsato (İtaliya)