Baş nazir ölkədəki son epidemioloji vəziyyəti şərh etdi…
“Son bir neçə gün ərzində ölkədə qeydə alınan yoluxma hallarının artması tərəfimizdən aktiv şəkildə araşdırılır və nəzarətə alınması üçün lazımi tədbirlər görülür”.
Bu sözləri baş nazir Giorgi Qaxaria ölkədəki epidemioloji vəziyyəti şərh edərkən deyib.
Baş nazir həmçinin virusun ilk mərhələsinə tətbiq olunan məhdudiyyətlərə də diqqət çəkib:
“Son günlər ərzində bir sıra ölkələrlə yanaşı Gürcüstanda da yoluxanların sayında açıq şəkildə artım müşahidə etmək olur, ancaq vəziyyət təmamilə nəzarət altındadır.
Biz həmişə qeyd edirdik ki, məhdudiyyətlərin aradan qaldırılması ilə birlikdə yoluxanların sayı dünyada olduğu kimi, bizdə də artacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, birinci mərhələdə sərt məhdudiyyətlər, həmçinin fövqəladə hal barəsində verdiyimiz qərarlar bir sıra vətəndaşımızın həyatını xilas etmək üçün atılmışdı. Çünkü həmin dövrdə virus yeni yayıldığı üçün dünyada bu xəstəliklə bağlı hər hansı bir bilgi mövcud deyildi. Bu gün isə dünyada virusla bağlı bir sıra bilgi var. Buna görə də qeydə alınan rəqəmlərə baxmayaraq, Gürcüstanda adi şəkildə həyatımıza davam edəcəyik”, – deyə Giorgi Qaxaria bildirib.
Baş nazir vətəndaşlara bir daha səslənərək həyatımızda daha çox problemlərin yaranmaması üçün, Səhiyyə nazirliyinin tövsiyyələrinə əməl olunmasını xahiş edib.