Dövlət naziri Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
O, müsəlman həmvətəndaşlarına cansağlığı, sülh və əmin-amanlıq arzulayıb.
K.Tsixelaşvilinin sözlərinə görə, müsəlman icması çoxkonfessiyalı Gürcüstanın ayrılmaz hissəsidir: “Tarixən ölkədə müxtəlif dinlərə məxsus insanlar qarşılıqlı hörmət və dostcasına birgə sülh şəraitində yaşayıblar. Bu ənənə bu gün da davam edir və daha da güclənir”.
Dövlət naziri ölkədə yaşayan müsəlmanlara koronavirus pandemiyası dövründə nümayiş etdirdikləri yüksək vətəndaş məsuliyyətinə görə minnətdarlıq edib: “Müsəlman vətəndaşlarımız dini və dövlət bayramlarını müvafiq tövsiyə və qaydalara uyğun şəkildə keçiriblər. Bir daha müsəlman bacı və qardaşlarımıza möhkəm cansağlığı, xeyirxahlıq və firəvanlıq arzu edirəm”, – deyə təbrikdə qeyd olunub.