Marneuli və Bolnisi ilə bağlı Gürcüstanın Konstitusiya Məhkəməsinə şikayət edildia
Gürcüstanın Konstitusiya Məhkəməsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonları ilə bağlı məsələyə baxılır.
“Girçi” partiyası fövqəladə vəziyyət dövründə hər iki rayona giriş-çıxışın bağlanılmasının qeyri-konstitusion elan edilməsi iddiası ilə bağlı məhkəməyə müraciət edib.
Partiya sədri Zurab Caparidze hesab edir ki, hərəkət azadlığına müdaxiləyə yalnız qanun əsasında, fövqəladə vəziyyət halında isə Gürcüstan prezidentinin dekreti əsasında yol verilir.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin Marneuli və Bolnisi rayonlarında hərəkət azadlığını məhdudlaşdırması ölkə Konstitusiyasına ziddir.
Qeyd edək ki, koronavirusun yayılmasının yüksək riski ilə bağlı martın 23-dən Marneuli və Bolnisi ciddi karantin zonaları elan olunub, hər iki rayona giriş-çıxış məhdudlaşdırılıb. Mayın 18-dən etibarən Marneulidə karantin rejiminin ləğv olunması, Bolnisidə isə əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.