İranda koronavirusdan ölənlərin sayı 500-ü ötdü

İranda daha 85 nəfər koronavirusun qurbanı olub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb.

K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.

Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 866-ya çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 992 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey