Gürcüstanda azərbaycanlı qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi təklif olunur

Abxaziya müharibəsinin (1992-1993) iştirakçısı olan Ənvər Hümbətovun doğulduğu Gürcüstanın Marneuli rayonunda xatirəsinin əbədiləşdirilməsi təklif olunur.
Bununla bağlı petisiya hazırlanıb və bu gündən imzatoplama kampaniyasına başlanılacaq.

Təşəbbüs gənc ictimai fəal Samirə Bayramovaya məxsusdur. O bildirib ki, Marneulinin bələdiyyə məclisinə ünvanlanacaq müraciət üçün 1 100 imza tələb olunur.

Müraciət müəllifləri Ə.Hümbətovun adının yaşadılması üçün bir neçə təklif irəli sürüblər. Həmin təkliflərə Marneulidə yerləşən 9 Aprel memorialının yaxınlığında döyüş qəhrəmanının xatirə lövhəsi və ya abidəsinin qoyulması, yaxud küçələrdən birinə onun adının verilməsi daxildir.

Qeyd edək ki, Ə.Hümbətov könüllü olaraq Abxaziya müharibəsində iştirak edib. O, 1993-cü il iyulun 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək mühasirədə qalan dəstəni özünü fəda edərək xilas edib. Ə.Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfərin ölümdən xilas olunduğu bildirilir.

O, 1994-cü ildə “Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə” “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Tbilisinin mərkəzi “Qəhrəmanlar meydanı”nda 2010-cu ildə açılan, Gürcüstanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsinə həsr olunan “Qəhrəmanlar qülləsi” xatirə abidəsində Ə.Hümbətovun da adı qızılı hərflərlə həkk olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey