Həlak olan əsgər Bərdədəki Şəhidlər xiyabanında dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayev bu gün Şəhidlər xiyabanında dəfn olunacaq.
Bu barədə “Report”un Qarabağ Mərkəzinə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, əsgərin nəşi martın 7-də doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilərək ailəsinə təhvil veriləcək: “Eltun Qarayev Şəhidlər xiyabanında dəfn ediləcək. Bununla bağlı hazırlıq işləri görülür. Yas mərasimin təşkil etmək üçün mağar qurulub”.
Qeyd edək ki, E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. O, 2019-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb.