Azərbaycan və Gürcüstan arasında yeni birgə layihələrin həyata keçiriləcəyi sektorlar məlum olub
Gürcüstanda səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin baş naziri Giorgi Qaxaria ilə görüşüb.
Bu barədə Gürcüstan baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşün əsas müzakirə mövzuları Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikası, həmçinin iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətləri olub.
Qeyd olunub ki, iki ölkə arasında qarşılqlı ticarət və investisiyalar, həmçinin enerji dəhlizləri, logistika və nəqliyyat sahələrində əməkdaşlıq da sürətlə inkişaf edir.
Bununla yanaşı, tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın önəmi və ikitərəfli məsələləri operativ həll etməyə imkan verən qarşılıqlı anlaşmanın yüksək səviyyəsini də vurğulayıblar.
Tərəflər qeyd ediblər ki, ölkələr arasında uğurlu iqtisadi əməkdaşlıq davam etdiriləcək. Belə ki, nəqliyyat, tranzit, logistika, kommunikasiya və energetika sahələrində yeni birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze də iştirak edib.