Tbilisidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi açılıb

Yanvarın 15-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə fotosərgi açılıb.
AZƏRTAC-ın Gürcüstan bürosu və muzeyin birgə təşkil etdiyi sərgidə Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş etdirilib.
Sərgini Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.
Sərgi yanvarın sonunadək davam edəcək.
Ekspozisiyadakı əsərlərlə tanış olan azərbaycanlı gənc Təmkin Nağıyev sərgini ürəkağrısı ilə izlədiyini deyib: “Mən və dostlarım hesab edirik ki, heç kim silahsız, əliyalın tankların, silahlı azğın qüvvələrin qarşına çıxa bilməzdi. Bu cür qəhrəmanlıq yalnız azərbaycanlılara məxsusdur. Biz bu qəhrəmanları unutmayacağıq”.
Gürcü ziyalı Simon Kopadze deyib: “Sovet imperiyasının süqutundan sonra azərbaycanlılar, gürcülər, eləcə də digər xalqlar azadlıq uğrunda mübarizəyə qalxdılar. Ən çox qurban verən azərbaycanlılar olublar. Bu da onu deməyə əsas verir ki, sovet imperiya qüvvələri azərbaycanlılardan daha çox çəkinirdi. Azərbaycan xalqı tarixən dəfələrlə mübarizliyini göstərib. 1990-cı ilin 20 yanvarında da Azərbaycan xalqı nəyə qadir olduğunu göstərdi. Əliyalın tankların qarşısına çıxan xalq öz müqəddəratını müəyyən etdi. Ona görə də deyə bilərəm ki, Azərbaycan xalqı qəhrəman, mübariz xalqdır. Bu cür qəhrəmanları olan xalq isə ən böyük hörmətə layiqdir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey