Tbilisidə Azərbaycan və Gürcüstan arasında musiqi əlaqələrinin inkişafı müzakirə olunub
Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
“Dalğa tv” “Report”a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı, Gürcüstan Dövlət Folklor Mərkəzi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutub.
Əsas məqsədi Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliğatı olan layihənin ideya müəllifi BMM-in direktoru, xalq artisti Murad Hüseynov, koordinatoru tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.
Gürcüstan Dövlət Folklor Mərkəzinin direktoru Giorgi Donadze çıxışında xatırladıb ki, Beynəlxalq Muğam Mərkəzi ilə bu ilin aprelində əməkdaşlıq haqqında memorandum imzalanıb. O, rəhbərlik etdiyi mərkəzin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
G.Donadze Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsnin zəruriliyindən danışıb. Onun sözlərinə görə, Gürcüstan Dövlət Folklor Mərkəzi bu münasibətlərin gücləndirilməsinə dəstək verməyə hazıdır.
Mərkəz direktoru 2020-ci il ərzində həm Gürcüstan, həm də Azərbaycanda birgə konsert və müxtəlif mədəni görüşlərin planlaşdırıldığını qeyd edib.
M.Hüseynov çıxışında rəhbərlik etdiyi mərkəzin tarixi və fəaliyyəti barədə ətraflı məlumat təqdim edib. O, Azərbaycanda dövlət tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə Gürcüstanın da hər zaman təmsil olundğunu və bu ölkəni təmsil edən incəsənət xadimlərinin parlaq çıxışlarla yadda qaldığını qeyd edib. Onun sözlərinə görə, BMM genişmiqyaslı tədbirlərə ev sahibliyi etməklə yanaşı mədəni irsin təbliği ilə bağlı da bir sıra layihələr reallaşdırır.
BMM-nin direktoru bildirib ki, Gürcüstan Dövlət Folklor Mərkəzi ilə faydalı əməkdaşlıq həyata keçirilir. O qeyd edib ki, bu əməkdaşlıq sayəsində ömrünün 30 ilini Tbilisidə yaşayan “Bülbülcan” təxəllüslü Əbdülbaqi Zülalov haqqında gürcü dilində kitab nəşr olunub. M.Hüseynov əlavə edib ki, xanəndə haqqında film çəkilir və ekran əsərinin təqdimatı Bakı ilə yanaşı Tbilisidə də təşkil olunacaq.
Daha sonra çıxış edən Gürcüstanın Xalq Mahnı və Musiqi Alətləri Muzeyinin direktoru Rezo Qotrikadze, tədqiqatçı-alim Gülhüseyn Kazımlı,Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digərləri Azərbaycan və Gürcüstan arasında qarşılıqlı musiqi əlaqələrinin qədim tarixindən danışıblar və Azərbaycan milli musiqi ənənələrinin Gürcüstanda və gürcü mədəniyyətinin Azərbaycanda təbliğatının gücləndirilməsinə ehiyacın olduğunu xüsusilə vurğulayıblar.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.
Layihə çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində xalq artisti Mənsum İbrahimovun “Qarabağ” muğam qrupu, Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri Ansamblı, “Edjari” etnocaz instrumental ansamblının iştirakı ilə konsert proqramı da təqdim ediləcək.