Gürcüstanda kəskin hava ciddi fəsadlar yaradıb
Gürcüstanda ötən gündən müşahidə olunan güclü külək paytaxt Tbilisidə bir sıra fəsadlar yaradıb.
Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə şəhər sakinlərindən ötən gecə ərzində 30 müraciət daxil olub.
Müraciətlər əsasən ağacların aşması, budaqların qırılması və damların zədələnməsi ilə bağlı olub. Fəsadların aradan qaldırılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub.
Bununla yanaşı aramsız yağış Batumi şəhərində problemlər yaradıb. Nəticədə bir neçə evin həyət və zirzəmiləri, ticarət obyektlərini su basıb.
Qonşu ölkənin Quria bölgəsində isə ilk qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Baxmaro dağ kurortunda qarın hündürlüyü 30 santimetr təşkil edir. Yolların qarla örtülməsi səbəbindən kurortda istirahət edən ailələrin oranı tərk etməsi mümkünsüz olub. Əraziyə xüsusi texnika cəlb olunub.