Hirkan Milli Parkındakı yanğının söndürülməsinə daha bir helikopter cəlb edildi

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin daha bir helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, avqustun 20-də nazirliyin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey