Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib
İyulun 9-da Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd ictimai məktəbində tanınmış jurnalist və yazıçı Mustafa Sədioğlunun ikinci Qarabağ müharibəsinə həsr olunmuş “İstiqamət Şuşadır” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Dalğatv” “AZƏRTAC”a istinadən xəbər verir ki, kitabda Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdiyi əzmkarlıq, qəhrəman övladlarımızın şücaəti, şəhidlərimizin qanı və canı bahasına qazanılmış Qələbədə Gürcüstanda yaşayan soydaşlarımızın fəal iştirakı geniş şəkildə əks etdirilib.
Nəşrdə, eyni zamanda, əsli Qardabani rayonunun Nəzərli kəndindən olan və hazırda Baku TV-nin əməkdaşı kimi fəaliyyət göstərən Yelmar Məmmədlinin Şuşa uğrunda gedən döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq xüsusi olaraq vurğulanıb.
Təqdimat mərasimində çıxış edən müəllimlər, ağsaqqallar və ictimaiyyət nümayəndələri Yelmar Məmmədlinin məktəb illəri və gənclik dövrü haqqında xatirələrini bölüşüb, onun cəsarətli və qorxmaz xarakteri ilə daim seçildiyini qeyd ediblər. Bildirilib ki, bu kimi əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Müəllif Mustafa Sədioğlu çıxışında bildirib ki, kitabda yer alan məlumatlar əsasən Yelmar Məmmədlinin döyüş yoldaşları ilə aparılmış müsahibələrə əsaslanır. Onların sözlərinə görə, jurnalistikadan birbaşa cəbhəyə yollanan Y.Məmmədli əsl vətənpərvər və igid döyüşçü kimi tanınıb.
Qeyd olunub ki, Yelmar Məmmədlinin qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və o, bir sıra medallarla təltif olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Azərbaycandan gəlmiş qonaqlar iştirak ediblər.