Gürcüstanda Müstəqillik günü qeyd olunur
Bu gün Gürcüstanda Müstəqillik günü qeyd edilir.
Paytaxt Tbilisi ilə yanaşı, bütün ölkə miqyasında milli bayrama həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Tbilisidə əsas mərasimlər “Azadlıq” meydanı və mərkəzi Rustaveli prospektində təşkil olunub. Şəhər sakinləri və qonaqlara müxtəlif sərgilər, konsert proqramları, əyləncəli oyunlar, teatr tamaşaları təqdim edilir.
Milli bayramın builki şüarı “Biliyinlə paylaş” şüarı seçilib. Bayram tədbirlərinin əksəriyyətinin əsas konsepsiyası Gürcüstanın tarixinə, mədəniyyətinə və təhsilin əhəmiyyətinə həsr olunub.
Əsas tədbirlərdən biri də 288 hərbi çağırışçının “Azadlıq” meydanındakı andiçmə mərasimi olacaq.
Bayram tədbirləri çərçivəsində saat 17:10-da bütün ölkə ərazisində – mərkəzi meydan və parklarda, ictimai nəqliyyatda Gürcüstanın Dövlət Himni ifa olunacaq. Aksiyanın keçirilmə vaxtı təsadüfi seçilməyib. Belə ki, 1918-ci ilin mayın 26-da saat 17:10-da Gürcüstan Demokratik Respublikasının yaradılması elan olunub.
Gürcüstanın Müstəqillik günü ölkənin xaricdəki diplomatik nümayəndəliklərində də müxtəlif mərasimlərlə qeyd edilir.