Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq iki ölkənin bölgələri arasında da münasibətlərin genişlənməsinə təkan verib
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkənin bölgələri arasında da münasibətlərin genişlənməsinə təkan verib. Bu ölkələrin müxtəlif şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu da ayrı-ayrı şəhər və regionlar arasında əməkdaşlığın inkişafında özünü göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Acarıstan Muxtar Respublikasının (MR) Batumi şəhərində keçirilmiş “Batumoba 2019” bayram tədbirinin açılış mərasimində səslənib.
Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bayram tədbiri Batumiyə şəhər statusunun verilməsinin 131-ci ildönümünə həsr olunub. 1885-ci ildə Batuminin 90 sakini şəhər statusun verilməsi üçün Qafqaz canişininə müraciət edib. Həmin müraciət təmin olunub və 1888-ci il aprelin 28-də Batumi rəsmi olaraq şəhər elan edilib. Batumi meriyasının qərarı ilə Şəhər Günü – “Batumoba 2019” aprel ayının 28-də qeyd olunur. Əvvəlki illərdə isə bu bayram payızda qeyd olunub.
“Batumoba 2019” münasibətilə mədəni, əyləncəli tədbirlər, yarmarkalar, sərgi və dequstasiyalar keçirilib.
Bu bayramla əlaqədar Batumi ilə qardaşlaşmış şəhərlərdən nümayəndə heyətləri, Ukrayna, Latviya, Polşa, İsrail, Misir, Çin, Belarus, Ermənistan, Türkiyə, və Azərbaycan şəhərlərinin icra hakimiyyətlərinin başçıları, merləri və bələdiyyə nümayəndələri kurort şəhərin qonağı olublar. Azərbaycanı bu tədbirdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təmsil ediblər.
Tədbirin rəsmi açılışında çıxış edən Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Ricvazde və Batumi şəhərinin meri Laşa Qomazidze Azərbaycan ilə əlaqələri, dostluq münasibətlərini xüsusi vurğulayıblar.
Mirsənani Seyidov və Niyazi Bayramov çıxışlarında şəhər rəhbərliyini və Batumi ictimaiyyətini təbrik ediblər.
Rəsmi hissədən sonra Batumi meriyası tərəfindən qonaqların şərəfinə rəsmi ziyafət təşkil olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə tədbirlərdə iştirak ediblər.