Tbilisidə “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi açılıb

Tbilisidə yerləşən Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi açılıb.

“Dalğa tv” 24News.ge saytına istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi tədbir Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunub.

Sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini, Gürcüstana səfərlərini əks etdirən 100-dən çox fotoşəkil sərgilənib.

Sərginin açılış mərasimində ictimai-siyasi xadim Həsən Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, xarici işlər nazirinin müavini Vladimer Konstantinidi, Azərbaycan və Gürcüstan parlamentinin deputatları, ictimai-siyasi xadimlər, Tbilisidəki dini icmaların nümayəndələri, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstandakı azərbaycanlı iş adamları, ziyalılar iştirak ediblər.
Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb. Bildirib ki, ölkələrimiz və xalqımız arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin müstəsna xidmətləri olub.

Bildirib ki, Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri iki ölkə arasında strateji əlaqələrin qurulması və möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının yaradılması istiqamətində geniş imkanlar açıb. F.Quliyev vurğulayıb ki, Heydər Əliyev, Eduard Şevarnadze və Süleyman Dəmirəl tərəfindən əsası qoyulmuş üçtərəfli əməkdaşlıq bu gün fundamental ənənədir və uğurla inkişaf edir.

Gürcüstan xarici işlər nazirinin müavini Vladimer Konstantinidi çıxışında Heydər Əliyevi gürcü xalqının böyük dostu adlandırıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında bu böyük insanın xidmətləri olub. Gürcüstan və Azərbaycan arasında müasir strateji tərəfdaşlığın əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi idarəçiliyi altında qoyulub.
Görkəmli ictimai-siyasi xadim, uzun illər Ulu Öndərlə çiyin-çiyinə müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Həsən Həsənov çıxışında bildirib ki, həyatımın müəyyən hissəsi, karyeramın isə tam hissəsi Heydər Əliyevlə bağlıdır.

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından bəhs edən natiq deyib: “Heydər Əliyev Gürcüstanı çox sevirdi. Sovetlər dönəmində ölkələr arasında əlaqələr Moskvanın icazəsi ilə qurulurdu. Amma Heydər Əliyev deyirdi ki, bunun Azərbaycan ilə Gürcüstan arasında əlaqələrə heç bir aidiyyəti yoxdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə əlaqələrə böyük önəm verib. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Sonra Azərbaycan Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, sabiq deputat İsak Novruzov və başqaları çıxış edərək Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər.
Kvartet Azərbaycanın klassik musiqiləri və ulu öndər Heydər Əliyevin sevdiyi mahnıları ifa edib.

Qeyd edək ki, Tbilisidə yerləşən Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey