Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak ediblər.
Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.
Şəhid olan azərbaycanlı əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində son günlər həyata keçirdiyi hücum cəhdləri və hərbi təxribatları pislənilib. İştirakçılar Azərbaycan dövlətinə, Ordusuna və əsgərinə dəstək şüarları səsləndiriblər.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) rəhbəri Aygül İsayeva çıxış edərək Gürcüstan azərbaycanlılarının hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Qeyd edib ki, Qarabağ Azərbaycandır və Gürcüstan Azərbaycanın haqq işini dəstəkləyir.
Səfir Dursun Həsənov aksiya iştirakçıları qarşısında çıxış edərək dəstəyə görə onlara minnətdarlığını bildirib. Onun sözlərinə görə, Ermənistanın hərbi təxribatlarına Azərbaycan Ordusu Prezident İlham Əliyevin tapşırığı əsasında layiqli cavab verib.
Dursun Həsənov Gürcüstan hökumətinin hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. O qeyd edib ki, Gürcüstan və Azərbaycan həmişə bir-birinə dayaq və dəstək olub. Gürcüstan azərbaycanlıları hər zaman yüksək vətənpərvərlik hissi ilə seçiliblər. Əminəm ki, soydaşlarımız arasında Azərbaycan Ordusu sıralarında xidmət etmək istəyənlər çoxdur.
Aksiyada çıxış edən gənclər bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı son hərəkətləri bütün Türk dünyasına qarşı yönəlib.
Natiqlərin sözlərinə görə, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda ön cəbhədə döyüşməyə hazırdırlar.
Gürcüstan Politologiya və Beynəlxalq Münasibətlər Akademiyasının prezidenti, professor Simon Kopadze:
“Müharibə haqqında onu deyə bilərəm ki, bu həqiqətən sübut edir ki, Ermənistan özü sərbəst dövlət deyil o Rusiyadan asılıdı. Düşünürəm ki, 3 aydan sonra Azərbaycan qazı Avropaya çıxacaq deyə belə bir provakasiya başladı. Hamıya aydındır ki, Türkiyə Azərbaycana tərəf duracaq. Ermənistana sanksiyalar tətbiq etmək lazımdı və onlarla ciddi rəftar etmək lazımdır ki onlar özlərini yığışdırsın”.
Gürcüstan Televiziyasının sədri Tengiz Txilava:
“Ermənistanın öz qonşusu Azərbaycana qarşı başlatdığı müharibənin bu gün artıq yeni etapını görürük və bu bizi üzür. Bu müharibə artıq 30 ildir ki, davam edir və bu müharibə əvvəldən Azərbaycan torpaqlarının işğalı ilə davam edir. Biz hər birimiz bilirik ki, heç vaxt Azərbaycan tərəfi ermənistan torpaqlarına keçməyib və işğal etmiyəyib. Ermənistan çox təhlükəli bir pravakasiya ilə addım atıb. Hazırda döyüşün olduğu yer Qarabağ ərazisinə daxil deyil, sərhəddə yerləşən Tovuz rayonudur. Ermənistan özünü reklam etməyə çalışdı və müəyyən təşkilatları öz tərəfinə çəkməyə başladı. Ancaq heç bir nəticə əldə etmədi və biz ermənistanın addımını qınayırıq”.
Gürcüstan Xristian Demokrat Partiyasının sədri Levan Çxeidze:
“Ermənistanın atdığı addım Biz gürcüstanlıları çox təəccübləndirib, əlbəttə hər birimiz ermənistan hökümətinin başlatdığı atışmaları və müharibəni qınayırıq.Düşünürəm ki , ermənistan tərəf 3 ay sonra açılacaq Azərbaycanın yeni neft boru kəməri lahiyələrindən narahat olublar. Məlumdur ki, bu məqsədyönlü pravakasiya idi. Azərbaycanın strategiyasını ləkələmək, zərər gətirmək məqsədli bir addım idi. Pandemiya dövründə ermənistanın hücum etməsi qəbuledilməz birşeydir. Ümid edirik ki, müharibə tez zamanda dayanar”.