Tbilisidə Mirzə Şəfi Vazehin 225 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri, maarifçi və pedaqoqu Mirzə Şəfi Vazehin 225 və alman şairi, tərcüməçi Fridrix fon Bodenştedtin 200 illik yubileylərinə həsr olunmuş “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda elmi-yaradıcı məclis keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Alman-Azərbaycan Cəmiyyəti və Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan və Gürcüstanın əməkdar mədəniyyət işçisi Leylа Əliyeva M.Ş.Vazehin həyat və yaradıcılığı barədə danışıb. O, şairin uzun illər Tbilisidə yaşayıb yaratdığını, Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri Mirzə Fətəli Axundovun müəllimi olduğunu xatırladıb. L.Əliyeva qeyd edib ki, Tbilisidə M.Ş.Vazehin adına küçə var və həmin küçənin adı bu günə qədər qorunub saxlanılır.

Daha sonra çıxış edən Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev M.Ş.Vazehin yubileyinə həsr olunmuş tədbirin onun şagirdi olmuş M.F.Axundovun adını daşıyan mərkəzdə keçirilməsini xoş təsadüf adlandırıb. O, bildirib ki, “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda elmi-yaradıcı məclis ilk olaraq Gəncə şəhərində keçirilib.

Ç.Abdullayev bu mövzuda silsilə tədbirlərin Tbilisi və Bakı ilə yanaşı, Bodenştedtin doğma Payne şəhərində də keçiriləcəyini qeyd edib.

Gürcü ziyalı və politoloq Tengiz Txilava çıxışında bildirib ki, Bodenştedt və M.Ş.Vazeh 200 il bundan qabaq Avropa və Qafqaz arasında mədəni əlaqələri inkişaf etdiriblər: “Mirzə Fətəli Axundovun yazıçı və mütəfəkkir kimi formalaşmasında Mirzə Şəfi Vazehin böyük xidmətləri olub. Mirzə Şəfi Vazeh yaradıcılığına Gürcüstanda böyük maraq var və onun xatirəsinə böyük ehtiramla yanaşılır”.

Tədbir çərçivəsində “Mirzə Şəfi Vazeh alman ədəbiyyatşünaslığında” mövzusunda elmi məruzə dinlənilib.

Məclisdə “Gürcüstan Teatr Cəmiyyəti”nin sədri Giorgi Gegeçkori, Alman-Gücüstan Cəmiyyətinin üzvləri, elm adamları, ziyalılar, incəsənət xadimləri iştrak ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey