Tbilisidə Azərbaycanı da əhatə edəcək Avropa Akademiyasının regional mərkəzi açılıb
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Avropa Akademiyasının regional mərkəzi açılıb.
Açılış mərasimi çərçivəsində TDU rektoru Giorgi Şarvaşidze və Avropa Akademiyasının prezidenti Zird Klutinq əməkdaşlıq haqqında memorandumu imzalayıblar.
Mərasimdə çıxış edən Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Akademiyasının regional mərkəzinin açılmasını ölkənin Avropa ailəsinə inteqrasiyası yolunda vacib addım adlandırıb: “Gürcüstanın strategiyası regionda iqtisadi mərkəzə çevrilməkdir. Təbii ki, bunu təhsilsiz təsəvvür etmək mümkün deyil. Gürcüstan bölgənin təhsil mərkəzi statusunu özünə qaytarmalıdır”.
Avropa Akademiyasının Tbilisi regional mərkəzinin açılmasının əsas məqsədi Qafqaz bölgəsində elmin və araşdırmaların inkişafını təşviq etməkdir. Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistanı da əhatə edəcək mərkəz gənc alimlərin elmi araşdırmalarını da maliyyələşdirəcək.
Qeyd edək ki, Avropa Akademiyasının Tbilisi regional mərkəzinin yaradılması barədə memorandum ötən ilin may ayında imzalanıb.
1988-ci ildə yaradılmış Akademiya dəqiq və humanitar elmlərin bütün bölmələrini əhatə edir və özündə dünyanın 3800 aparıcı alimi, o cümlədən 52 Nobel mükafatı laureatını birləşdirir.