Baş nazir: Gürcüstan Xəzər dənizi–Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsü dəstəkləyir

Gürcüstan Xəzər dənizi–Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsü dəstəkləyir. Bu layihənin reallaşması üçün əlindən gələni edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Buxarestdə səfərdə olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze rumıniyalı həmkarı Viorika Dançila ilə görüşdə söyləyib.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi əməkdaşlığın gələcək perspektivləri, regionda həyata keçirilən iqtisadi layihələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Xəzər dənizi ilə Qara dəniz arasında beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti müzakirə olunub. Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistanın xarici işlər nazirlərinin mart ayında Buxarestdə imzaladığı siyasi sənəd bu baxımdan yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası istiqamətində əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən islahatlar, “Şərq Tərəfdaşlığı” proqramı və digər qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey