Azərbaycan Prezidentinin Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə geniştərkibli görüşü keçirilib

2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüş keçirib.

APA xəbər verir ki, görüşdə Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin 30 illik tarixindən bəhs olunub, tərəflər arasındakı dostluq əlaqələrinin isə 1950-ci illərin sonlarına təsadüf etdiyi vurğulanıb. Prezident İlham Əliyev və Baş katib To Lam tarixi səfərləri məmnunluqla xatırlayıblar.

Görüş zamanı strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyanatın qəbulunun münasibətlərə yeni dinamika verdiyi qeyd olunub. Hökumətlərarası Komissiyanın yaxın zamanda keçirilməsi və əməkdaşlıq istiqamətində əməli addımların atılması vacibliyi vurğulanıb.

Tərəflər enerji, birgə investisiya, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanlarını, eləcə də təhlükəsizlik və kibercinayətkarlığa qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini müzakirə ediblər.

BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Vyetnam tərəfi ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanın iştirakı ilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunulub.

Həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizələr xatırlanıb. Vyetnam tərəfi Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.

Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin bu gün Vyetnamın inkişafında fəal rol oynadığı və həmin məzunların Assosiasiyasının fəaliyyət göstərdiyi bildirilib. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Baş katib To Lam Prezident İlham Əliyevi Vyetnama rəsmi səfərə dəvət edib. Prezident dəvəti məmnunluqla qəbul edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey