Azərbaycanlı deputat Avropanı terrora dəstək verən siyasətçiləri müdafiə etməməyə çağırıb

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva qurumun qış sessiyasında Türkiyə ilə bağlı qətnamə layihəsinə münasibət bildirib.

“Report” un Qərbi Avropa bürosunun məlumatına görə, Q.Paşayeva Azad Demokratlar Qrupunun (FDG) vitse-prezidenti kimi Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb: “Hörmətli həmkarlar, plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır. Onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər. Onların rolu mühümdür. Belə ki, müxalifətsiz demokratiyanı təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq, müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə əməl etməlidir. Bu, əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə aradan qaldırıla bilinməyən zərər vurur. Türkiyə məsələsinə gəlincə, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər. Qətnamə layihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apellyasiya vermək hüququna heç bir maneə törədilmir. Nəticə etibarilə demək mümkündür ki, onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər. Müxalif siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de-fakto toxunulmazlıq hüququ verirmi?! AŞPA-nın üzvləri olaraq mən inanıram ki, heç kim bu suala müsbət cavab verə bilməyəcək. Siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatlarının təbliğatını aparmaq üçün kart-blanş vermir. AŞPA müxalif siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq, bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Hesabatda təkcə məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur, həm də Türkiyə ilə münasibətdə konstruktiv yanaşma da yoxdur. Azad Demokratlar Qrupu olaraq biz müxalifətin demokratik cəmiyyətlərdə oynadığı həyati əhəmiyyətli rol faktını tamamilə dərk edirik. Buna baxmayaraq, üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı “gözü kor” anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni bucaqdan yanaşmağa dəvət edirik”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey