Aprelin 7-si Dünya Sağlamlıq Günüdür

Dünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən qlobal bir tədbirdir. Həmin günün tarixi 1948-ci il aprelin 7-dən başlayıb. Dünya Səhiyyə Təşkilatının yaranması Dünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi təşkilata üzv qəbul olunub.
1950-ci ildən başlayaraq hər il aprelin 7-si Dünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir. Məsələn, 2014-cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə “Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, 2017-ci ildə “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib. Keçən ilin şüarı isə “Hamı üçün sağlamlıq” olub. Bu il keçirilən tədbirlər hər kəsin səhiyyə xidmətlərinə çıxışının təmin olunması, tibbi xidmətlərin əlçatanlığı mövzularına həsr edilir.
Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Ölüm və xəstəliklərin çoxluğu, ömrün uzunluğuna nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən biri sayılır.
Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanı məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.
Dünya Sağlamlıq Günü ilə əlaqədar Azərbaycanda da müxtəlif tədbirlər keçirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey