Prezidentin son 11 ayda gördüyü işlər: Oktyabr
11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2018-ci ilin oktyabr ayını əhatə edir.
KADR İSLAHARTLARI VƏ DƏYİŞİKLİKLƏR
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bunların bir qismi oktyabr ayına təsadüf edir.
Belə ki, oktyabrda verilən sərəncamlara əsasən, Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin, Asif Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İsmayıl Ələkbərov isə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.
Digər sərəncamlarla Vüqar Zeynalov Səbail, Asif Ağayev Beyləqan, Tahir Məmmədov Şamaxı rayon icra başçısı, Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.
Bundan başqa, dövlət başçısı oktyabrda bir sıra kadr dəyişiklikləri də edib. Onun sərəncamlarına əsasən, Qaya Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı, Fəxrəddin İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, Oktay Qurbanov ölkəmizin Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri, Elxan Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə, Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib.
Bundan başqa, müvafiq sərəncamlarla Emin Eyyubov ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, Tarik Əliyev Azərbaycanın Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi, Aydan Rzayeva isə ölkəmizin Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılıb.
Prezidentin bu sərəncamlarına uyğun olaraq, Şəkidə “ASAN Həyat” kompleksi açılıb, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, eləcə də, Qax-Qıpçaq-Ağyazı, Qobustan-Poladlı və Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yollarının tikintisi başa çatdırılıb.
Bundan başqa, Kürdəmir rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor, Quba–Qonaqkənd, Lənkəran-Lerik, Daşkəsən-Əmirvar-Qabaqtəpə, Şəkidə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Qayabaşı-Bolludərə-Qaratorpaq kəndlərini birləşdirən avtomobil yollarının tikintisi, eləcə də Qubanın Alekseyevka kəndində 960 şagird yerlik yeni məktəb binasının, Lerik şəhərində 48 mənzilli yaşayış binasının, Lerik rayonunun Orand kəndində yeni məktəb binasının, Qax şəhərində 48 mənzilli yaşayış binasının və Qax rayonunun Əlibəyli kəndində tam orta məktəb üçün 216 şagird yerlik yeni binanın tikintisi davam etdirilir.
Şəki şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün isə torpaq sahəsi seçilib, binanın layihə sənədləri hazırlanıb.
“STAR” ZAVODUNUN AÇILIŞI
Prezident İlham Əliyev “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib. Həmin gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub.
Mərasimdə çıxış edən dövlət başçısı deyib ki, “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir.
“Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk”, – prezident bildirib.
REGİONLARDA AÇILIŞLAR
Prezident İlham Əliyev oktyabrın 11-də Quba şəhərinə gedib. O, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Daha sonra dövlət başçısı Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun, Rayon Mərkəzi Xəstəxanasının, “Günəş” körpələr evi-uşaq bağçasının, “ABAD Factory” İstehsalat Kompleksinin və “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak edib.
Bundan başqa, prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti və Gənclər Parkında yaradılan şəraitlə tanış olub.
Prezident oktyabrın 15-də Lənkəran və Lerik rayonlarına səfərə yollanıb.
Səfər çərçivəsində İlham Əliyev Lənkəran Olimpiya İdman Kompleksinin, “Azərxalça” ASC-nin Lənkəran filialının, Hirkan-Daştatük-Biləsər və Piran-Hamarat-Vijaker avtomobil yollarının, Lerik rayonunda elektrik stansiyasının və Bayraq Muzeyinin açılışlarında iştirak edib.
Bundan başqa, dövlət başçısı Lənkəranda İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında, “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib, Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Oktyabrın 22-də İlham Əliyev İmişli rayonuna səfərə yollanıb. Prezident burada Araz çayının yeni qol-kanalının, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhrəmtəpə hissəsinin və İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun, eləcə də, “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, İmişlidə Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçasının və İmişlidə “ASAN Həyat” kompleksinin açılışlarında iştirak edib.
Prezident İlham Əliyev oktyabrın 28-də Qax və Şəki rayonlarına səfər edib.
Dövlət başçısı səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının, Şəkidə Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin və Şəki-Kiş avtomobil yolunun açılışlarını edib.
VACİB İCLASLAR
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İlham Əliyev iclasda çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Prezident qeyd edib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib və Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.
Dövlət başçısı deyib ki, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib:
“Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına doqquz milyard dollar sərmayə qoyulub. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək.
Enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb. Biz “Star” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Qeyri-neft sektorunun inkişafı üçün böyük işlər görülür. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. İlin sonuna 5700 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək.
Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq.
İqtisadi göstəricilərə gəldikdə, deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.
Prezident əlavə edib ki, vergi məsələsində heç kimə heç bir güzəşt edilmir və edilməyəcək:
“Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır”.
Bundan başqa, İlham Əliyev yeni məhsulları gizlədən, uçotsuz məhsul satan şərab zavodlarının çox ciddi cəzalandırılacağını bildirib:
“Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər”.
O, qanunsuz tikililərlə bağlı çox sərt xəbərdarlıq edib.
“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”, – o deyib.