ABŞ Çindən nadir torpaq metallarının tədarükünü artırmağı istəyir
ABŞ Çindən nadir torpaq metallarının daha böyük həcmdə və sabit şəkildə tədarük edilməsini istəyir.
Dalgatv xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.
“Nadir torpaq elementləri ilə bağlı məsələlərimiz var. Çin tədarükü davam etdirir, lakin biz bunun daha müntəzəm və rəvan həyata keçirilməsini, həmçinin həcmin artırılmasını istəyirik”, – Qrir deyib.
O bildirib ki, Vaşinqton Pekindən əldə olunmuş razılaşmalara daha ciddi əməl etməsini gözləyir.
Çin gömrüyünün məlumatına görə, avqustda ABŞ-yə nadir torpaq maqnitlərinin ixracı əvvəlki ayla müqayisədə 20 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13 faiz azalaraq 512 tona düşüb.
Qrir, həmçinin Çinin ABŞ-dən “Boeing” təyyarələri və kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı prosesdən Vaşinqtonun ümumilikdə razı olduğunu bildirib. Onun sözlərinə görə, Çin soya paxlasının alınması üzrə öhdəliklərinin təxminən yarısını, digər kənd təsərrüfatı məhsulları üzrə isə təxminən 4 milyard dollarlıq hissəsini yerinə yetirib.
