Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkədir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi **Birləşmiş Millətlər Təşkilatı**nın “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul edib.

Qərarla Azərbaycan Konvensiyanın ratifikasiyası prosesini tamamlayan və bu prosesə liderlik edən ilk ölkələrdən biri kimi çıxış edir. Qeyd edək ki, Konvensiyanın yekun mətninin hazırlanması prosesində Azərbaycan fəal iştirak edib, müvafiq dövlət qurumlarının nümayəndələri çoxtərəfli danışıqlarda konstruktiv mövqe nümayiş etdirərək sənədin formalaşmasına mühüm töhfə veriblər.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub və kibercinayətkarlıqla mübarizə sahəsində qlobal miqyasda hüquqi cəhətdən məcburedici ilk beynəlxalq sənəd hesab olunur. Konvensiya 2025-ci ilin oktyabrında Hanoyda keçirilən rəsmi mərasimdə 74 dövlət tərəfindən imzalanıb. Azərbaycan adından sənəd müvafiq sərəncama əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən imzalanıb.

Konvensiyanın ratifikasiyası beynəlxalq hüquqi əməkdaşlığı gücləndirir, elektron sübutlarla bağlı prosedurları tənzimləyir və transmilli kibercinayətlərə qarşı operativ reaksiya mexanizmlərini təmin edir. BMT-nin rəsmi məlumatına əsasən, Azərbaycan Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə ölkədir ki, bu da beynəlxalq hüquqi prosedurlara peşəkar yanaşmanın göstəricisi kimi qiymətləndirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey