Almaniyada quş qripi sürətlə yayılır
Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə üzrə ciddi narahatlığa səbəb olub.
“Spiegel” nəşrinin məlumatına görə, infeksiya dalğası hələ pik həddə çatmasa da, indiyədək ölkə miqyasında təxminən 400 min quş məhv edilib. Xüsusilə Brandenburq əyalətində yerləşən iki təsərrüfatda 130 min qaz, ördək, toyuq və hind toyuğunun məhv edilməsi barədə qərar qəbul olunub.
Mütəxəssislər vəziyyətin ciddi olduğunu bildirərək, ilk dəfə olaraq vəhşi quşlar arasında da virusun yayılmasının müşahidə edildiyini vurğulayıblar. Onların sözlərinə görə, virusun əsas daşıyıcıları durnalar hesab olunur.
Rəsmilər epidemiya tam nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.
Qanunvericiliyə əsasən, xəstəlik səbəbindən rəsmi göstərişlə heyvanları məhv edilən sahibkarlara Heyvan Xəstəlikləri Fondu tərəfindən kompensasiya ödənilir. Hazırda bir heyvana görə 50 avro məbləğində kompensasiya nəzərdə tutulsa da, kənd təsərrüfatı naziri bu məbləğin 110 avroya qədər artırılmasını təklif edib. “Bild” qəzeti yazır ki, bu məqsədlə artıq Avropa İttifaqından ilkin razılıq alınıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya əsasən, xəstəliklə mübarizə tədbirlərinə Texniki Yardım Xidmətinin (THW) də cəlb olunması planlaşdırılır.
