Şalva Papuaşvili: “Aİ səfirliyi hökumətin devrilməsi çağırışlarına münasibət bildirməlidir”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyini son etiraz aksiyası zamanı səsləndirilmiş bəzi çağırışlarla bağlı mövqe bildirməyə çağırıb. O, bu barədə iyunun sonunda Tbilisidə baş tutan aksiya ilə əlaqədar bəyanat verib.

Papuaşvili bildirib ki, etiraz aksiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra qeyri-hökumət təşkilatları – o cümlədən “Beynəlxalq Şəffaflıq – Gürcüstan” və “Safari” təşkilatları tərəfindən təşkil olunub. Onun sözlərinə görə, aksiyanın gedişinə və səhnə çıxışlarının məzmununa “Safari” təşkilatının rəhbəri Baya Pataraia nəzarət edib.

Parlament sədri qeyd edib ki, aksiyada səsləndirilən bəzi çağırışlar, xüsusilə də “döyüşçülər hökuməti devirməlidir və hamını cəzalandırmalıdır” kimi bəyanatlar qəbuledilməzdir və bu kimi fikirlərin Avropa İttifaqının maliyyələşdirdiyi tədbirdə səsləndirilməsi narahatlıq doğurur.

“Bu artıq siyasi mövqe yox, konkret faktlardır. Aİ vəsaiti ilə təşkil olunmuş tədbirdə hökumətin devrilməsi və cəza çağırışları səslənir. Bu isə Gürcüstan Konstitusiyası və beynəlxalq hüquqla ziddiyyət təşkil edir,” – deyə Papuaşvili əlavə edib.

Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstandakı səfirliyini bu məsələ ilə bağlı operativ və rəsmi açıqlama verməyə çağırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey