Saakaşvili: “Seçkilərə qatılan hər kəs işğal rejiminin ortağıdır”
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yerli seçkilərlə bağlı sərt və açıq mesajlarla çıxış edib. Məhkəmədə keçirilən son dinləmədə o, ölkədəki siyasi durum nəzərə alınmadan keçirilən seçkilərin legitimliyini sual altına alıb və belə proseslərə qatılan siyasi qüvvələri “işğal rejiminin əməkdaşları” adlandırıb.
“Dalğatv” xəbər verir ki, Saakaşvili bildirib ki, əgər ölkədə köklü siyasi dəyişikliklər baş verməyibsə, bu halda istənilən seçki sadəcə “işğalla əməkdaşlıq” mənası daşıyır: “Belə bir vəziyyətdə seçkilərə qatılan hər bir şəxs, siyasi partiya ya da blok Rusiya işğal sisteminə dolayısıyla xidmət edir. Bu, həm mənəvi, həm də siyasi baxımdan xəyanətə bərabərdir,” – deyə o, müxalifətə birgə mübarizə çağırışı ilə müraciət edib.
O, həmçinin hakim partiyanın təbliğat imkanlarının məhdud olduğunu, onların cəmi əhalinin beşdə birinə çata bildiyini bildirib: “Əslində təbliğatlarının auditoriyası müəyyən çevrələrdir – korrupsiyaya bulaşmış şəxslər və onların yaratdığı sistemdən faydalananlar. Bu sistem xalqı əzir və yalnız kiçik bir təbəqəyə xidmət edir,” – deyə əlavə edib.